Məhkəmə qərarları › İş №3(043)-389/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-389/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-389/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, X10 küçəsi, dalan 2, ev 4 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 01 iyun 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)- 2323/2020 saylı 27.07.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 26.12.2009-cu il təvəllüdlü X1 və 01.07.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 23.01.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 80 manat, cəmi 160 manat miqdarında aliment alınaraq X3 ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 20.08.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra idarəyə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmişdir. Lakin o, borclu pulu olmadığını əsas gətirərək, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bundan sonra borcluya dəfələrlə vaxt verilmiş, lakin qərəzli şəkildə borcun ödənilməsindən yayınmışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə onun qazancının 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmiş və alimentin əvvəli 23 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Bu qətnamədən iddiaçı apelyasiya şikayəti verdiyi üçün qətnamə icra olunmamışdır. Gəncə Apelyasiya Məhkəməsinin 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə ondan hər uşaq üçün 80 manat olmaqla cəmi 160 manat aliment tutulması qət edilmişdir. O, bu qətnamə ilə razı olmadığı üçün qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 09.03.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və yalnız bundan sonra icra hərəkətlərinə başlanılmışdır. Çünki, o alimentin qazancının 1/3 hissəsinə yönəldilməsi barədə əvvəllər icra məmuruna bildirsə də icra məmuru qətnamədən şikayət verildiyi üçün icra tədbirləri görə bilməyəcəyini demişdir. Ali Məhkəmənin qərarı çıxdıqdan sonra isə hər ay alimenti ödəmişdir. Buna görə də barəsindəki icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, borclunun əvvəllər ödəmədiyi aliment borcu vardır və onun həmin borcu ödəmək niyyəti yoxdur. Borclu əlilliyə görə pensiyadan başqa gəliri olmadığını bildirsə də faktiki olaraq təsərrüfatla məşğul olur və qazanc əldə edir. Buna görə də aliment borcunun tam şəkildə borclu tərəfindən ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2323/2020 saylı, 27.07.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 26.12.2009-cu il təvəllüdlü X1 və 01.07.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 23.01.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 80 manat, cəmi 160 manat miqdarında aliment alınaraq X3 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 303/2021 saylı 09 mart 2021-ci il tarixli qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2323/2020 saylı, 27.07.2020-ci il tarixli qətnaməsindən Şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 20.08.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 2323/2020 saylı, 27.07.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan icra məmuru tərəfindən müvafiq idarə və təşkilatlara edilmiş sorğular və onun əsasında verilmiş cavab məktublarının surətindən görünür ki, borclunun heç bir əmanəti və əmlakı müəyyən edilməmiş, borclunun əlilliyə görə 277,82 manat pensiya aldığı müəyyən edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs Şəxs tərəfindən 13.03.2021-ci il tarixdə 160 manat, 23.04.2021-ci il tarixdə 160 manat və 17.05.2021-ci il tarixdə 160 manat məbləğində aliment ödənilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs alimenti vaxtında ödəmədiyi üçün aliment borcunun olmasına əsaslanaraq məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilmişdir. Şəxs aliment borcunun olmasına baxmayaraq borcun faktiki olaraq müvafiq məhkəmə qətnamələrindən verilmiş şikayətlərə görə icra hərəkətlərinin dayanmasından yarandığı, iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra borclunun aliment üzrə mütəmadi ödənişlər etməsi onun qətnamənin icrasından yayınmaq niyyətinin olmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar