Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-393/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərərçəkmiş X2, barəsində inzibati xəta haqqında icraat aparılan Cəfərov Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Cəfərov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəfərov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 01 iyun 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 01.06.2021ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-5346/2018 saylı, 07.12.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Cəfərov Şəxs hər ay 300 manat məbləğində aliment alınaraq tələbkar X6ma ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cəfərov Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Belə ki, borclu Cəfərov Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini verinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Bu günə borc 2072 manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtı-vaxtında ödəmir. Onun hazırda 2072 manat aliment borcu mövcuddur. Borclu Cəfərov Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Cəfərov Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu inkar etmir. Borcunu ödəmək niyyətindədir, lakin rəsmi iş yeri olmadığından fəhləliklə məşğul olur, hazırda işləmədiyi üçün bir müddətdir aliment öhdəliklərini yerinə yetirə bilməmişdir. O, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Maddi imkanın yol verdiyi həddə həmişə aliment borcunu ödəməyə çalışmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, borclu Cəfərov Şəxs müəyyən vaxtlarda ona hissə-hissə ödənişlər etmişdir. Bununla belə o, aliment borcunu vaxtı-vaxtında ödəmir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Cəfərov Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(043)-5346/2018 saylı icra vərəqəsindən görünür ki, 31.10.2018-ci il tarixdən başlayaraq Cəfərov Uğur Şəxs oğlunun və Cəfərova Gülay Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cəfərov Şəxs hər ay 300 manat alment tutularaq X3 ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, Cəfərov Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu ödəmək üçün 16.02.2021-ci il tarixdə 200 manat, 17.03.2021-ci il tarixdə 400 manat, 27.04.2021-ci il tarixdə 100 manat, 30.04.2021-ci il tarixdə 100 manat pulu tələbkar X3 ödəmişdir. Göründüyü kimi, Cəfərov Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunun ödənilməsindən üzrsüz səbəbdən yayınmamış, borcunun müxtəlif tarixlərdə olmaqla maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Cəfərov Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cəfərov Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Cəfərov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-393/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-393/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver