Məhkəmə qərarları › İş №3(043)-394/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-394/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-394/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərovun, icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 02 iyun 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 4657/2018 saylı, 21.12.2018-ci il tarixli icra sənədinə əsasən 14.06.2017-ci il tarixdən 15.09.2018-ci il tarixinədək olan müddət ərzində məcburi iş buraxma dövrü üçün əmək haqqı, ödənilməmiş məzuniyyət və hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün ödənilməmiş məzuniyyət haqqı hesablanaraq Gəncə şəhəri 3 saylı tam orta məktəb tərəfindən iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi 27.11.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş, icranın təmin edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 29.11.2019- cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-4657/2018 saylı, 21.12.2018-ci il tarixli icra vərəqəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 24-cü maddələrinə əsasən icra edilməsi üçün 29.11.2019-cu il tarixdə aidiyyəti üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə və Gəncə şəhər 3 saylı tam orta məktəbinə göndərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 06.01.2021-cil il tarixli məktubla bildirmişdir ki, həmin icra vərəqəsində borclu Gəncə şəhər 3 saylı tam orta məktəbi göstərildiyindən həmin tələbin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən icra edilməsi mümkün olmamışdır. Tərəflərindən 03.03.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-4657/2018 saylı, 21.12.2018-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi üçün Gəncə şəhər 3 saylı tam orta məktəbin direktoru Şəxs xəbərdarlıq məktubu göndərilmişdir. Borclu Gəncə şəhər 3 saylı tam orta məktəbin direktoru Şəxs 30.03.2021-cil tarixli izahatında bildirmişdir ki, məktəbin maliyyə vəsaiti olmadığı üçün iş buraxma dövrü üçün əmək haqqını ödəyə bilmir, onunla bağlı 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etmişdir. Tərəflərindən 06.01.2021-ci il tarixdə, 03.03.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 4657/2018 saylı, 21.12.2018-ci il tarixli icra vərəqəsinin məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb verilməsi üçün Gəncə şəhər 3 saylı tam orta məktəbin direktoru Şəxs xəbərdarlıqlar göndərilmişdir. Belə ki, borclu Gəncə şəhər 3 saylı tam orta məktəbin direktoru Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmaqda təqsirlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərov protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, məktəbin maliyyə vəsaiti olmadığı üçün iş buraxma dövrü üçün əmək haqqını ödəyə bilmirlər, məktəb dövlət büdcəsindən maliyyələşdiyi üçün vəsaitin ödənilməsi ilə bağlı 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəsmi yazılı müraciət etmişlər və hələ bu məsələ ilə bağlı onlara heç bir cavab verilməmişdir. Ona görə də hal-hazırda icra sənədinin icrasını təmin etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, qətnamə çıxdıqdan bu vaxta kimi icra olunmamış və o , bu vaxta kimi pulundan heç bir ödəniş ala bilməmişdir. Buna görə də həmin icra sənədinin icra olunmasını istəyir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4657/2018 saylı 21.12.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 14.06.2017ci il tarixindən 15.09.2018-ci tarixinədək olan müddət ərzində məcburi iş buraxma dövrü üçün əmək haqqı, ödənilməmiş məzuniyyətvə hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün ödənilməmiş məzuniyyət haqqı hesablanaraq Gəncə şəhəri 3 saylı tam orta məktəbi tərəfindən iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 29.11.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4657/2018 saylı 21.12.2018-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 3 nömrəli tam orta məktəbin direktoru Şəxs tərəfindən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ünvanlanmış 06 yanvar 2021-ci il tarixli, 03 nömrəli və 19 mart 2021-ci il tarixli 30 nömrəli məktublardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər üzrə İcra İdarəsi tərəfindən 03 Mart 2021-ci il tarixli AC №176422/19 Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-4657/18 saylı 21.12.2018ci il tarixli icra vərəqəsi və qətnaməsinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 24-cü maddələrinə əsasən icra olunması ( məktəbin sabiq ibtidai sinif müəllimi Zərərçəkmiş şəxs 14.06.2017- ci il tarixindən 15.09.2018-ci il tarixədək məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının ödənilməsi) üçün məktub ünvanlanmışdır. Gəncə şəhər 3 nömrəli tam orta məktəb hüquqi şəxsdir və məktəbin xüsusi büdcəsi olmadığı bildirilmiş və bu səbəbdən vəsaitin ödənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilmişdir. Şəxs tərəfindən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ünvanlanmış məktubdan da göründüyü kimi 3 nömrəli tam orta məktəbin müstəqil büdcəsi olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pulun hesablanıb iş üzrə tələbkara verilməsi həmin məktəbin direktoru tərəfindən həyata keçirilə bilməz. Direktorun vəzifəli şəxs kimi funksiyası dövlət büdcəsindən müvafiq vəsaitin ayrılması üçün aidiyyəti quruma müraciət etməkdir. Şəxs həmin addımı ataraq icra sənədinin icrasından boyun qaçırmamış, icra məmurunun qanuni tələblərini yerinə yetirmişdir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar