Məhkəmə qərarları › İş №3(043)-396/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-396/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-396/2021 02.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Moskva şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 01 iyun 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2716/2021 saylı 08.09.2020-ci il tarixli icra sənədinə əsasən 260 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs may ayı daxil olmaqla ödənilməmiş aliment borcu 1800 manat təşkil edir. Borclu Şəxs öz izahatında icra sənədi üzrə olan borcunu ödəyə bilmədiyini bildirir. İcra sənədi müvafiq olaraq 23.09.2020ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra idarəyə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmişdir. Lakin o, borclu pulu olmadığını əsas gətirərək, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bundan sonra borcluya dəfələrlə vaxt verilmiş, lakin qərəzli şəkildə borcun ödənilməsindən yayınmışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, ondan alimentin tutulması barədə qətnamə 08 sentyabr 2020ci il tarixdə qəbul olunmuş, 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən Müharibəsi başladığından o, hərbi xidmətə yollanmışdır. X3 şəhid olmuş, 2021-ci ilin yanvar ayında tapılaraq dəfn edilmişdir. Qeyd olunan müddətlərdə müharibədə olduğu və başı qardaşının dəfninə qarışdığı üçün aliment ödəyə bilməmişdir. 2021-ci ilin mart və aprel aylarında aliment borcundan hər dəfə 400 manat olmaqla ümumilikdə 800 manat ödəmişdir. Hazırda da tələbkara 500 manat ödəməyə hazırdır. Qətnamənin icrasından qərəzli olaraq boyun qaçırmamışdır və uşaqlarının təminatı üçün alimenti bundan sonra da vaxtında ödəyəcəkdir. Buna görə də barəsində başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, borclunun ümumilikdə 1800 manat aliment borcu vardır və onun həmin borcu ödəmək niyyəti yoxdur. Buna görə də aliment borcunun borclu tərəfindən ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2716/2021 saylı 08.09.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 04 mart 2012-ci il təvəllüdlü X5 və 22 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək, saxlanılması üçün cavabdeh Şəxs hər ay hər bir uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləği ilə aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 23.09.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2716/2021 saylı 08.09.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan icra məmuru tərəfindən müvafiq idarə və təşkilatlara edilmiş sorğular və onun əsasında verilmiş cavab məktublarının surətindən görünür ki, borclunun heç bir əmanəti və əmlakı müəyyən edilməmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Şəxs tərəfindən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin inzibati binasında 02.06.2021-ci il tarixdə 500 manat məbləğində aliment ödənilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs alimenti vaxtında ödəmədiyi üçün aliment borcunun olmasına əsaslanaraq məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilmişdir. Şəxs aliment borcunun olmasına baxmayaraq borcun faktiki olaraq borclunun Vətən Müharibəsində iştirak etməsi ilə əlaqədar yarandığı, borclunun son dövrlərdə aliment üzrə mütəmadi ödənişlər etməsi onun qətnamənin icrasından yayınmaq niyyətinin olmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar