Məhkəmə qərarları › İş №3(043)-398/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-398/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-398/2021 04.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 03 iyun 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X2 tərəfindən tərtib olunmuş 03 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 03.06.2021ci il tarixdə saat 00:45 radələrində Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində ictimai asayişi pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X1 izahatında göstərdi ki, Şəxs 03.06.2021-ci il tarixdə saat 00:45 radələrində Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində sərxoş vəziyyətdə ictimai asayişi pozaraq qonşusu X7 və onun ailə üzvlərini söyüb təhqir etmiş, əlindəki tir tüfəngi ilə onların əmlakına zərər vurmaqla hədələmiş, hadisə yerinə gələn və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xırda xuliqanlıq etdiyini qəbul edir, lakin polisin qanuni tələblərinə tabe olmamasını qəbul etmir. Mübahisə 01.06.2021-ci il tarixdə qonşusu X4 ailə üzvləri onun həyətindəki gilas ağacının meyvələrini yığdığından o, bu barədə onlara öz narazılığını bildirmiş, səhəri gün bazardan bir vedrə gilas alaraq gətirib onlara vermişdir ki, onun həyətindəki meyvəni dərməsinlər. Lakin qonşuları onun bu hərəkətlərinə baxmayaraq ondan heç bir üzrxahlıq etmədikləri üçün əsəbiləşmiş, 02.06.2021-ci il tarixdə evdə bir qədər spirtli içki qəbul etmiş, 03.06.2021-ci il tarixdə gecə saat 01 radələrində evdə olan tir tüfəngini götürərək onların həyətinə gəlmiş və tüfənglə onların evindəki lampanı vurub onları qaranlıqda qoymaq istəmişdir. Bu zaman qonşusu Qasımov Şahin bayıra çıxmış, qarşılqlı mübahisə etmişlər və o da söyüş söymüşdür. Buna görə də etdiyi xırda xuliqanlığı etiraf edir və özünü təqsirli bilir. Qonşusu polis çağırmış, o da polisin gəlməsini gözləmişdir. Polis əməkdaşları gəldikdən sonra onlara heç bir müqavimət göstərməmişdir, əksinə polis əməkdaşlarının yanında gələn və mülki geyimdə olan bir polis əməkdaşı ona şillə vurmuşdur. Buna görə də özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilmir və ona İXM-in 510-cu maddəsi ilə inzibati cərimə növündə tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X8 bildirdi ki, 01.06.2021-ci il tarixdə yeddi yaşlı uşağı Fatimə qonşuları Şəxs həyətində olan və budaqları onların həyətinə keçmiş gilas ağacından bir az gilas dərmişdir. Şəxs həmin gün o evdə olmayanda onların evinə gəlmiş və səs-küy salaraq iddia etmişdir ki, guya onun həyat yoldaşı qonşunun həyətinə keçib gilas ağacının meyvələrini yığmışdır. Anası və həyat yoldaşı ona izah etmişdir ki, uşaq onların həyətinə düşən budaqlardan bir az gilas dərib. Səhəri gün Şəxs yenə o evdə olmayanda bir vedrə gilas gətirib vermiş və demişdir ki, onun ağacından meyvə dərməsinlər. Axşam saatlarında evdə olarkən Şəxs sərxoş vəziyyətdə yenidən onların həyətinə gəlmiş səs-küy salmağa başlamışdır ki, niyə ondan üzrxahlıq etməyiblər. O, bayıra çıxıb Arifi sakitləşdirmək istəsə də Arif nalayiq söyüşlər söymüş, əlindəki tüfənglə onların pəncərəsini sındıracağını bildirmişdir. O, tüfəngin tir tüfəngi olmasını bilməmiş, ov tüfəngi zənn etmişdir. Buna görə də dərhal polisə məlumat vermiş və içəri girib gözləmişdir. Arif isə polisə zəng olunduğunu görüb çıxıb getmişdir. Polis əməkdaşları gəldikdən sonra onlara hadisəni izah etmiş, polis əməkdaşları Şəxs müəyyən edərək onu post-patrul avtomobili ilə idarəyə aparmaq istəmişdir. Bu zaman Şəxs polis əməkdaşlarına tabe olmamış, yenə də nalayiq ifadələr işlətmiş, polis avtomobilinin şüşəsini yumruqlayıb əyləşməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X9 bildirdi ki, 03.06.2021-ci il tarixdə saat təxminən 00:45 radələrində ekpaj yoldaşı polis kiçik serjantı Mirəli Əliyev ilə birgə xidmət aparan zaman Kəpəz RPİ-nin növbətçi hissəsindən efir vasitəsi ilə Azərbaycan bayrağı küçəsinə yaxınlaşmaqları bildirilmişdir. Yaxınlaşan zaman adı sonradan onlara məlum olan Şəxs əlində tir tüfəngi ilə qonşuluqda yaşayan ailə ilə mübahisə etdiyini onlara hədə qorxu gəldiyini görmüşlər. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirmiş, nalayiq ifadələr işlədərək polis avtomobilinə əyləşməkdən boyun qaçırmış və polis avtomobilinə bir neçə dəfə yumruq vurmuşdur. Onlar Şəxs polis avtomobilinə əyləşdirdikdən sonra hadisə yerinə başqa post-patrul avtomobilləri də gəlmiş, lakin gələnlərin arasında mülki geyimli polis əməkdaşı olmamış, Şəxs heç kim şillə vurmamışdır. Şəxs tərəflərindən Kəpəz RPİ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Post Patrul Xidməti əməkdaşı X3 digər şahid X9 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, 03 iyun 2021-ci il tarixdə Şəxs sərxoşluq müayinəsinin nəticəsində yüngül dərəcəli alkoqol sərxoşluğu olduğu müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 03 iyun 2021-ci il tarixdə saat 02:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan sərxoş vəziyyətdə ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onun bu hərəkətləri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmədən şübhə doğurmayan və bir-biri ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın sərxoş vəziyyətdə törədilməsini İXM-in 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və məsuliyyəti ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 03 iyun 2021-ci il saat 02:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar