Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-399/2022 05.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ X4 Şöbəsinin polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 04 may 2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və iş materiallarına əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs 04.05.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, F.Əliyev küçəsi ilə hərəkətdə olarkən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs hərəkətləri ictimai qaydanın və əhalinin dincliyinin pozulmasına səbəb olmuş, ətrafdakılar üçün təhlükə yaratmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, yol hərəkəti qaydalarının mütəmadi pozulması ilə müşayiət olunmuşdur. Şəxs törətdiyi qayda pozuntuları avtomobili qəfil sürətləndirməklə yerdə təkər izlərinin buraxılması ilə müşayiət olunmuşdur. Buna görə də onun Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, artıq 12 ildir ki avtomobil idarə edir. Avtomobildə texniki baxış və icbari sığorta olmadığına görə cərimə olunmamaq üçün avtomobilin dövlət qeydiyyat nişanını çıxarmışdır. VAZ 21074 markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 04.05.2022-ci il tarixdə dostunu şəhərin mərkəzinə düşürmək üçün avtomobillə mərkəz istiqamətində Gəncə şəhəri, F.Əliyev küçəsi ilə hərəkətdə olmuşdur. Həmin vaxt onu görən YPX avtomobili onun avtomobilinin nömrəsiz olduğunu görüb “saxla” işarəsi vermiş, lakin o, cərimə olunmaqdan qorxduğu üçün avtomobili saxlamamış və hərəkətini davam etdirmişdir. Hərəkətə başlayarkən avtomobili qəfil sürətləndirdiyi üçün yerdə təkəz izləri buraxmışdır. Protokolda göstərilən pozuntuları da həmin vaxt polis əməkdaşlarından qaçmaq istəyərkən törətmişdir. Hazırda əməlindən peşmandır. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntülərə baxış keçirilərkən VAZ 21074 markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Gəncə şəhəri F.Əliyev küçəsi ilə hərəkətdə olarkən ardıcıl olaraq 1.3 nişanlanma xəttini kəsərək əks istiqamətli hərəkət zolağına çıxdığı və bu zaman digər avtomobillər üçün qəza vəziyyəti yaratdığı, iki dəfə svetoforun qadağanedici işarəsində yolayrıcını keçdiyi, bu zaman piyada keçidində olan piyada üçün real təhlükə yaratdığı, sağa dönməzdən əvvəl sağ kənar zolağı tutmalı olduğu halda əks istiqamətli hərəkət zolağına çıxaraq oradan sağa döndüyü, dairəvi hərəkət təşkil edilmiş yolda əks istiqamətli hərəkət zolağı ilə hərəkət edərək qarşıdan gələn nəqliyyat vasitələri üçün real təhlükə yaratdığı, avtomobili qəfil sürətləndirərək yerdə tormoz izlərini buraxdığı, bütün bu qayda pozuntuları zamanı arxasınca gələn və ona “saxla” işarəsi verən polis əməkdaşının qanuni tələbini yerinə yetirmədiyi müəyyən edilmişdir. Göründüyü kimi Şəxs yol hərəkəti qaydalarını ardıcıl surətdə pozmaqla aşkar surətdə ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol vermişdir. İş materiallarına əlavə edilmiş 04.05.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə zamanı Şəxs sidiyində narkotik vasitə (AMP) aşkar edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 04.05.2022-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, barəsində tərtib edilmiş protokol və videogörüntülərlə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən: 511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi onun tənbeh olunması üçün yetərli deyildir. Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə Şəxs ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, inzibati həbs aşağı həddə təyin edilməlidir. İnzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan – 04.05.2022-ci il saat 21:00-dan hesablanmalıdır. Eyni zamanda həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh - nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması da tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 04 may 2022-ci il saat 21:00-dan hesablansın. İnzibati həbsə dair hissədə qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-399/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-399/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver