Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-401/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ X7 Şöbəsinin polis inspektoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 may 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə daxil olmuşdur. Gəncə şəhər BPİ X7 Şöbəsinin polis inspektoru X4 bildirmişdir ki, F.Məmmədli 03 may 2021-ci il tarixdə, saat 22 radələrində «VAZ 21074» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri, M.Bağırov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində svetoforun qadağanedcii işarəsində dayanıb gözləmiş, yaşıl işıq yandıqda isə avtomobili sürətlə yerindən tərpədərək yolun səthi ilə sürtünmə səsləri çıxarmış, təhlükəli manevrlər edərək Nizami prospekti istiqamətində hərəkət etmiş və Dədə Qorqud küçəsi ilə Nizami prospektinin kəsişməsində avtomobili saxlayaraq bu zaman yerdə çəkilmiş stop xəttini bir az irəli keçmişdir. Buna görə də onun barəsində İXMin 327.1 və 511.1.3-cü maddələri ilə protokol tərtib edilmişdir. Əlavə suallara cavab olaraq inspektor bildirmişdir ki, inzibati xətanın törədildiyi Dədə Qorqud küçəsi birtərəfli yoldur, F.Məmmədli həmin yolla növbəti yolayrıcına qədər təxminən 700-800 metr məsafə qət etmişdir. Həmin vaxt o, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmiş və manevr qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs F.Q. Məmmədli bildirmişdir ki, o, 03 may 2021-ci il tarixdə, saat 22 radələrində «VAZ 21074» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Dədə Qorqud küçəsi ilə M.Bağırov küçələrinin kəsişməsindən üzü Nizami prospekti istiqamətinə svetoforun qadağanedici işığında dayanmış, yaşıl işıq yandıqdan sonra əsəbi olduğu üçün avtomobili yerindən qəfil hərəkətə gətirərək idarə etmişdir. Bu zaman təkərlər yol səthinə sürtünmə səsi çıxarmışdır. Növbəti yolayrıcında avtomobili saxlamış, bir qədər sonra polis əməkdaşı ona yaxınlaşaraq qayda pozuntusu etdiyini bildirmiş və avtomobili duracağa yerləşdirərək barəsində protokol tərtib etmişdir. Qeyd edilən hərəkətdən başqa hər hansı pozuntuya yol verməmişdir. Bir yolayrıcından digərinə cəmi 700-800 metr məsafə qət etmişdir, buna görə də sürət həddini aşması mümkün deyildir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, F.Q. Məmmədli tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət müəyyən edir. Göstərilən maddənin dispozisiyasından müəyyən olunur ki, avtoxuliqanlıq əməli mütləq şəkildə özündə 3 elementi əks etdirməlidir: • nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlər; • cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər; • yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. İnzibati xəta haqqında materialdan və proses iştirakçılarının izahatlarından müəyyən olunur ki, F.Məmmədli nəqliyyat vasitəsini yerindən hərəkətə başladarkən avtomobili qəflətən sürətləndirməklə təkərlərin yol səthi ilə sürtünməsi səslərini çıxarmışdır. Lakin, onun hərəkətlərində avtoxuliqanlıq xətasının digər elementi, yəni yol hərəkəti qaydalarının davamlı olaraq pozulması müəyyən edilməmişdir. Əməlin avtoxuliqanlıq kimi qiymətləndirilməsi üçün isə İXM-in 511.1.1-511.1.3-cü maddələrində nəzərdə tutulmuş qərəzli hərəkətlərdən birinin yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunması zəruridir. Protokolu tərtib etmiş şəxs F.Məmmədlinin avtomobili yüksək sürətlə idarə etdiyini və manevr qaydalarını pozduğunu göstərsə də məhkəmə 700-800 metrlik məsafədə «VAZ 21074» markalı avtomobilin müəyyən edilmiş sürət həddindən artıq sürətə çatmasını ağlabatan hesab etmir. Digər tərəfdən avtomobilin yolda müəyyən edilmiş sürət həddini aşması ehtimala əsaslana bilməz və xüsusi texniki vasitənin köməyi ilə müəyyən edilməlidir. F.Məmmədlinin manevr qaydalarını davamlı olaraq pozması isə hər hansı sübutla təsdiq olunmur və məhkəmə bir daha qeyd edir ki, məsafənin qısa olması nəzərə alındıqda bu məsafədə yol hərəkəti qaydalarının davamlı pozulması da inandırıcı deyildir. Göründüyü kimi, F.Məmmədli barəsində toplanmış sübutlar onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törətməsini təsdiq etmir. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs F.Q. Məmmədliin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edəcək təkzibedilməz sübutların mövcud olmaması hazırkı iş üzrə onun İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi üçün kifayət etmir. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1 -ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs F.Q. Məmmədlinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə protokolda qeyd edilmiş digər inzibati xəta ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 43-cü maddəsinə əsasən həmin Məcəllənin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. Odur ki, həmin maddə üzrə inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin X7 Şöbəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti məsələsinin həlli üçün qərarın surəti Gəncə şəhər BPİ-nin X7 Şöbəsinə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-401/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-401/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver