Məhkəmə qərarları › İş №3(043)-405/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-405/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-405/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 07.06.2021-ci il tarixdə polisin qanuni tələbinə məhəl qoymadan müqavimət göstərməklə yanaşı uca səslə nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X3 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə bir xanımla tanış olmuşdur. Həmin xanımla telefonla danışan zaman xanım onu təhqir etməyə başlamış, o da qarşılığında onu təhqir etmişdir. Bundan sonra polisdən ona zəng gəlmiş və barəsində şikayət daxil olduğunu və idarəyə gəlməsini bildirmişlər. O isə idarəyə getməmişdir. Bundan bir ay yarım sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək, onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. O isə əynində qısa şort olduğu üçün paltarını dəyişdikdən sonra onlarla gedəcəyini bildirmiş, lakin polis əməkdaşları ona dərhal getməli olduğunu bildirmişlər. O da heç bir söz demədən onlarla birlikdə getmişdir. O, həmin vaxt səs-küy salmamış, heç kəsə əl qol atmamış, heç kəsi təhqir etməmiş və polis əməkdaşlarının tələblərinə tabe olmuşdur. Barəsində tərtib edilmiş protokolla razı deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X4 bildirdi ki, X2 Kəpəz RPİ-ə daxil olmuş ərizəsi ilə əlaqədar olaraq, Şəxs idarəyə gətirilməsi üçün onun yaşadığı ünvana gedərək, idarəyə dəvət etmişdir. Lakin Şəxs onun qanuni dəvətinə məhəl qoymayaraq, ona müqavimət göstərməyə çalışmış və onu nalayiq sözlərlə təhqir edərək onun qanuni tələbinə məhəl qoymamışdır. Suallara cavab olaraq A.Şükürov bildirmişdir ki, Şəxs barəsində hər hansı cinayət işi və ya inzibati xəta haqqında iş olmamış, şikayət əsasında telefon vasitəsilə dəvət edilməsinə baxmayaraq Şəxs İdarəyə könüllü gəlmədiyi üçün evlərinə gedib onu idarəyə dəvət etmişdir. Şəxs məcburi qaydada gətirilməsi barədə qərar olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin və şahidin ifadəsindən də göründüyü kimi Şəxs evdə olarkən 07.06.2021-ci il tarixdə polis əməkdaşı onun evinə gələrək onunla idarəyə getməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, Şəxs polis idarəsinə məcburi qaydada aparılması üçün hər hansı qərarın olması öz təsdiqini tapmır. Belə olan halda polis əməkdaşının ondan polis idarəsinə dərhal getməsini tələb etməsi üçün qanuni əsas müəyyən edilmir. Göstərilənlər Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibinin olmadığını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar