Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-406/2020 18.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş X2, zərərçəkmiş şəxs X9 və onun qanuni nümayəndəsi X5, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Gəncə şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material xx xxxx 2020-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis mayoru X6 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli MN 05990093 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, S.Ruhulla küçəsində qonşusu azyaşlı X9 onun azyaşlı oğlu X3 söydüyü üçün onu döymüşdür. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, S.Ruhulla küçəsində qonşusu azyaşlı X9 onun azyaşlı oğlu X3 söydüyü üçün onu döymüşdür. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, 10 ildir ki, Gəncə şəhəri M.Avşarov küçəsi bina 1-də ailə üzvləri ilə birikdə yaşayır. Onun əri X11 1-ci qrup əlildir. O, günün yarısından çoxunu ərinin yanında qalıb ona qayğı göstərməklə məşğul olur. O, heç bir qonşu ilə əlaqə saxlamır. O, qonşuluqda əlaqə saxlanılası adam tanımadığı üçün onlarla əlaqə saxlamır. Onun azyaşlı oğlu X1 şəhər 20 saylı orta məktəbin 8-ci sinfində təhsil alır və dərsə davamiyyəti yaxşıdır. Onun oğlu Əliəkbər qonşuluqda yaşayan Orxan adlı həmyaşıdı ilə telefonla online qaydada Fire Fiar adlı oyun oynayır. Oğlu idmançıdır və o, 6 ildir ki, boksla məşğuldur. Oğlu dəfələrlə həmyaşıdları arasında boksdan müxtəlif yarışların qalibi olmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı evdə olan zaman azyaşlı qonşusu Orxan oğlu Əliəkbərə mobil telefonda oyun oynayan zaman söyüş söydüyünü eşitmişdir. Oğlu «Fire Fair» oyunu oynayan zaman mobil telefonda oyun oynayan şəxslər bir biri ilə danışa bildiyi üçün onun oğlunu söyməsini eşitmişdir. O, təxminən yarım saatdan sonra küçəyə çıxan zaman bağçanın yanında Orxanın uşaqlarla oynadığını görmüşdür. O, Orxana yaxınlaşıb ona “Orxan bir də Əliəkbrlə oyun oynama və onunla əlaqə saxlama” deyərək oğluna söyüş söydüyü üçün iradını bildirmişdir. Sonra isə o, evinə qayıtmışdır. Bundan sonra Orxanın anası Xanım yaşadığı ünvana gələrək onu nalayiq sözlərlə söyüb təhqir edərək guya onun oğlunu döydüyünü demişdir. O, azyaşlı Orxanı döyməmişdir. Belə ki, Xanım və onun oğlu Orxan ona şər atırlar. O, sadəcə olaraq Orxana söyüş söydüyü üçün ona iradını bildirmişdir. O, Orxanı danlayan zaman yanlarında qonşuluqda yaşayan Amil adlı azyaşlı uşaq olmuşdur. Göstərilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X5 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X9 izahatında bildirdi ki, o, Gəncə şəhər 26 saylı orta məktəbin 5-ci sinfində təhsil alır və dərslərini yaxşı oxuyur. O, 3 ildir ki, qonşuluqda yaşayan Əliəkbəri tanıyır. Onlar son vaxtlar telefonla online qaydada «Fire Fair» oyunu oynayırlar. O, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində «Fire Fair» oyununu oynayan zaman o, Əliəkbərə zəif oyun oynadığını demişdir. O isə, səhvən onun ona söyüş söydüyünü başa düşmüşdür. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yanında olan zaman qonşusu Kəmalə ona yaxınlaşaraq boğazından və sağ qolundan tutaraq bərk sıxmış, dırnaqları ilə qolunu çızmışdır. Həmin vaxt o özünü itirmişdir. Sonradan ona məlum olmuşdur ki, onun döyülməyinə səbəb onun həmyaşıdı olan Ələkbərlə zarafat etməsi olmuşdur. Kəmalənin onu döydüyünü qonşusu Amil adlı uşaq görmüşdür. O, Şəxs bağışlamır və onun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki,xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman azyaşlı oğlu Amil evinin qapısını döyüb Orxanı qoşusu Kəmalənin döydüyünü və Orxanın boğulduğunu bildirmişdir. O, dərhal küçəyə çıxmış və görmüşdür ki, Orxan çox həyacanlı şəkildədir və özünü pis hiss edir. O, dərhal Orxana kömək etmək üçün ona su vermiş və üzünə su vurmuşdur. Oğlu Amili isə Orxanın valideyinlərini çağırmaq üçün göndərmişdir. Oğlunun ona deməsinə görə Orxan Kəmalənin azyaşlı oğlu ilə zarafat etdiyi üçün Kəmalə onu döymüşdür. Həmin vaxt Orxanın sağ qolunda və boğazında qızırtılar olduğunu görmüşdür. Orxanın döyülməsini oğlu Amil görmüşdür. İş materiallarından görünür ki, X5 şikayət ərizəsi əsasında aparılmış təhqiqat nəticəsində qəbul edilmiş xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin olduğu müəyyən edilərək, barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 627 nömrəli görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ baldır və sağ dirsək oynağı nahiyələrinin qançırı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin və şahidin izahatları, ekspertiza rəyi və işin digər halları ilə tam sübuta yetirilir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli xxxxxxx0004 nömrəli müayinə olunan şəxs barədə elektron sistemdən çıxarışdan görünür ki, Şəxs İİ qup əlildir. Məhkəmə, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, İİ qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi (İXM 32.3), inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsini isə onun məsuliyyətini ağırlaşdıran hal kimi (İXM 33.1.4) nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən birinci və ikinci qrup əlillərin barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, yaşını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-406/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-406/2020
18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver