Məhkəmə qərarları › İş №3(043)-406/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-406/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-406/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şəxs barəsində Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsindən daxil olmuş, Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsində 11.05.2022-ci il tarixdə MN ******* saylı və MN ******* saylı protokollar tərtib olunaraq, baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs 06.04.2022-ci il tarixdə gecə saatlarında Azərbaycan küçəsi, bina 9, mənzil 6 ünvanında yaşayan A.İbrahimova məxsus VAZ 2107 markalı, 90KF807 qeydiyyat nişanlı avtomobildən 1 ədəd 70 manat dəyərində akkumlyatoru və 15.04.2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus VAZ 21011 markalı 20BS045 qeydiyyat nişanlı avtomobildə 1 ədəd 80 manat dəyərində akkumlyatoru gizli yolla oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi imkanı olmadığı üçün oğurluq etmişdir. Hazırda əməllərindən peşmandır. İş üzrə zərərçəkmiş şəxslərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və işin təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-nin 2-ci polis şöbəsinin İTB-in sahə rəisi İ.Məhərrəmov tərəfindən tərtib edilmiş 11.05.2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 06.04.2022-ci il tarixdə gecə saatlarında Azərbaycan küçəsi, bina 9, mənzil 6 ünvanında yaşayan A.İbrahimova məxsus VAZ 2107 markalı 90KF807 qeydiyyat nişanlı avtomobildən 1 ədəd 70 manat dəyərində akkumlyatoru gizli yolla oğurlamışdır. Gəncə şəhəri BPİ-nin 2-ci polis şöbəsinin İTB-in sahə rəisi İ.Məhərrəmov tərəfindən tərtib edilmiş 11.05.2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 15.04.2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus VAZ 21011 markalı 20BS045 qeydiyyat nişanlı avtomobildən 1 ədəd 80 manat dəyərində akkumlyatoru gizli yolla oğurlamışdır. İnzibati materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin TB-nın cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25.04.2022-ci il tarixli qərarlardan görünür ki, zərərçəkmiş şəxslərin ərizələri əsasında aparılmış araşdırma zamanı Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarların surəti Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin İTB-yə göndərilmişdir. İnzibati qaydada tutma haqqında 10.05.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 10.05.2022-ci ildə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi inzibati tənbeh tətbiq etməklə eyni vaxtda zərərin tutulması mümkün olmadığından zərər çəkmiş şəxslərə zərərlə bağlı Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş 11.05.2022-ci il tarixli, MN ******* saylı protokol üzrə 25 (iyirmi beş) gün müddətinə, 11.05.2022.-ci il tarixli, MN ******* saylı protokol üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, barəsində qəti olaraq 01(bir) ay 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddəti 10.05.2022-ci il tarixdən, saat 13:00-dan hesablansın Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavaistə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar