Məhkəmə qərarları › İş №3(043)-409/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-409/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-409/2021 01.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1963-cü ildə Ermənistan, Vardenis rayonunda doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 09 iyun 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-3165/2019 saylı, 30.10.2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs 49000 manat pul və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 06.04.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs hazırda icra sənədi üzrə 46730 manat borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlava olaraq bildirdi ki, borclu 2021-ci il üzrə 700 manat bir və daha sonra da 600 manat kart vasitəsi ilə ödəniş etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(043)-246/2021 saylı qərardadı ilə onun tələbkara qalan borcunun hissə-hissə ayda 3000 manat olmaqla ödənilməsi qərara alınmışdır. O, bugünkü günə qədər imkanı olduqca borcundan ödənişlər etmiş sonuncu dəfə isə 1300 manat borcundan ödəniş etmişdir. Bundan sonra da məhkəmənin qərarında göstərildiyi kimi borcunu ayda 3000 manat olmaqla hissə-hissə ödəyəcəkdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 bildirdi ki, icra işi üzrə borclu Şəxs qətnamənin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. Belə ki o, gücü çatdığı qədər borcundan ödənişlər etmiş və borcunu ödəməmək kimi bir niyyəti olmamışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(043)-246/2021 saylı qərardadı ilə Şəxs tələbkara olan borcunun hissə-hissə ödənilməsi, ayda 3000 manat ödənilməsi qərara alınmışdır. Şəxs bundan sonra olan borcunu ayda 3000 manat olmaqla gecikdirmədən ödəyəcəkdir. Buna görə də onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, o Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(043)-246/2021 saylı qərardadı ilə razı deyil. Borclu bugünkü günə qədər olan borcunu qəsdən ödəməmiş və qətnamənin icrasından qərəzli olaraq boyun qaçırmışdır. O, Şəxs borcunu hissə-hissə ödəməsinə razı deyil və ona olan borcunu tam şəkildə ödənilməsini istəyir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3165/2019 saylı, 30.10.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 49000 manat pul və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi 01 aprel 2021-ci il tarixdə verilmişdir. İş materiallarına əlavə edilmiş 06.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3165/2019 saylı, 30.10.2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(043)-246/2021 saylı qərardadından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3165/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsi üzrə ödənilməli olan pul məbləğinin ödənilməmiş qalan hissəsi hər ay 3000 manat olmaqla, hissə-hissə icra edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs 27.02.2021-ci il tarixdə 1000 manat, 24.06.2021-ci il tarixdə 700 manat ödənilmiş, sonuncu dəfə isə bank vasitəsi ilə Zərərçəkmiş şəxs hesabına 600 manat pul köçürülmüşdür. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərtkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs 46730 manat borcunun olmasına əsaslanaraq məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilmişdir. Nəzərə alınmalıdır ki, icra vərəqəsi 01 aprel 2021-ci il tarixdə verilmiş, bundan keçən üç ay ərzində Şəxs mütəmadi ödənişlər edərək, ümumilikdə icra sənədi üzrə 3600 manat ödəniş etmişdir. Həmçinin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(043)- 246/2021 saylı qərarı ilə Şəxs borcunu hissə-hissə ödənilməsi qərara alınmışdır. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar