Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-41/2022 26.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ADAU-da mühafizəçi işləyən, Göygöl rayonu, Köşkü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi : Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 28.11.2021-ci il tarixdə saat 15 radələrində sürücü Şəxs, idarə etdiyi Wolksvagen Golf minik markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri Nizami küçəsi ilə Gəncə şəhəri, Mərkəzi Univermaq istiqamətində hərəkətdə olarkən avtomobili Zabitlər evinin qarşısında dayanacaqda saxlamış, daha sonra geriyə doğru hərəkət edərək dayanacaqdan çıxmaq istəyən vaxt arxada dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin arxa sağ hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs sağ qasıq nahiyəsinin qançırı şişkinlik halında əzilməsi ilə müşayiət olunan yüngül xəsarət yetirərək, nəticədə İXM-in 330.0.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 28.11.2021-ci il tarixdə günorta saat 15:30 radələrində Gəncə şəhəri Bülbül küçəsindən özünə məxsus Wolksvagen Golf minik markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə həyat yoldaşı X1 və digər 3 nəfər arvadının qohumları Möhtəbər Həsənova, Alya Hüseynova və Esmira Hüseynova ilə birlikdə yas yerindən gəlirmişlər. Yas yerindən çıxdıqdan sonra arvadı Məryəm Həsənova ilə birlikdə evə getməmiş Gəncə şəhəri Nizami prospektində yerləşən Kontakt Home elektronika mağazasından yaşadıqları evə kreditlə paltaryuyan almaq istəmişlər. Gəncə şəhəri, Nizami prospektində olan zaman Zabitlər evinin qarşısında o idarə etdiyi avtomobili saxlamış, lakin dayandığı yerdən Kontakt Home mağazasına xeyli məsafə olduğuna görə avtomobili dayanacaqdan çıxararaq bir az daha qabaqda saxlamaq qərarına gəlmişdir.İdarə etdiyi avtomobili geriyə doğru idarə etmək istəyən zaman avtomobilin arxa hissəsindən səs eşitmişdir və həmin dəqiqə avtomobili saxlamışdır. Sonradan tanıdığı Namiq adlı şəxs onun oturduğu tərəfdə avtomobilin şüşəsinə yaxınlaşmış və onu nalayiq sözlərlə təhqir edərək onu vurduğunu bildirmişdir.O, avtomobildən düşmüş və həmin şəxsin nə üçün səs-küy salmasının səbəbini soruşmuşdur. Həmin şəxs guya onu avtomobilin arxa hissəsi ilə vurduğunu, onun barəsində şikayət edəcəyini qışqıraraq bildirirmiş. Halbu ki, o, avtomobili arxa istiqamətə idarə edərkən Namiq adlı şəx avtomobili arxaya idarə etdiyini görmüş və özü özünü avtomobilin sağ arxa hissəsinə toxundurmuşdur. Bundan sonra Namiq şəxs səs-küy salaraq ondan şikayət edəcəyini bildirmişdir. Avtomobilində əyləşmiş həyat yoldaşı Məryəm və digərləri düşərək onu sakitləşdirməyə çalışmışlar, lakin o, yenə də səs küy yaratmağa başlamış və yolun əks istiqamətinə keçmişdir. Onun hərəkətlərinə görə avtomobilə əyləşərək biraz qabağa Kontakt Home mağazasına doğru getmişdir. O bir qədər getdikdən sonra həmin şəxs qızı ilə birlikdə ona məxsus avtomobilin arxasınca qaçdıqlarını görmüşdür. İdarə etdiyi avtomobil sonuncunun yanından keçmiş və onu vurmamışdır. Həmin şəxsin dedikləri şər və böhtandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında çalışmış, sonradan isə təqaüdə çıxmışdır. 28.11.2021-ci il tarixdə günorta saat 15 radələrində qızı Aynur ilə birlikdə özünə məxsus avtomobil ilə yaşadıqları evdə istifadə etdikləri elektrik avadanlığını Gəncə şəhəri Nizami prospektində Zabitlər evinin qarşısında təmir etdirmək üçün getmişlər. O Nizami prospektində üzü Mərkəzi Univermaq istiqamətində yolun sağ hissəsində dayanacaqda öz avtomobilini saxlamış. Zabitlər evinin qarşısından yolu qarşı tərəfə keçmək istəyirmiş ki, elektrik avadanlıqları ustası axtarsın. Həmin vaxt yolun hər iki istiqamətdə boş olduğuna əmin olduqdan sonra yerindən hərəkətini başlamaq istəyən zaman sağ tərəfinə avtomobil dəydiyini hiss etmişdir. Sağa baxan zaman Gəncə şəhəri Nizami prospekti ilə üzü Univermaq istiqamətində hərəkət etmiş, sonra isə arxaya hərəkət edən Wolksvagen Golf markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün onu ehtiyatsızlıqdan avtomobilin arxa sağ hissəsi ilə vurduğunu müəyyən etmişdir. Həmin avtomobil ona dəyən kimi dayanmış və qabağa sürməyə başlamışdır. Bu vaxt ona məxsus avtomobildə əyləşmiş qızı Aynur yerə düşmüş və həmin avtomobilin arxasınca qaçmışdır. Həmin avtomobilin sürücüsü avtomobili dayandırmış və avtomobildən düşərək ona tərəf gəlmişdir. Ondan nə baş verdiyini soruşmuş, o isə sürücüyə nə baş verdiyini guya bilmədiyini, onu avtomobilin arxa hissəsi ilə vurduğunu sürücüyə bildirmişdir. Həmin adam onunla sözlü mübahisə yaradaraq onun heç bir xəsarətinin olmadığını iddia etmişdir. O isə sürücünün bu sözlərindən əsəbləşərək qızı Aynura sürücünün avtomobilin qeydiyyat nişanının şəklini çəkməsini bildirmişdir. Bu vaxt həmin adam avtomobildən sərnişin qismində yerə düşmüş 4 nəfər qadına nömrənin qarşısını kəsməyi, qızına avtomobilin şəklini çəkməyə mane olmağı tapşırmışdır. Qadınlardan biri qızını kənara itələmiş, digəri isə onu kənara itələyərək avtomobilin nömrəsini çəkməklərinə mane olmaq istəmişlər. Bundan sonra həmin sürücü və yanında olan 4 nəfər sərnişin oradan uzaqlaşaraq ona heç bir yardım göstərməmişlər. O isə özünə məxsus avtomobilə minərək xəsarətinin az olduğunu düşündüyü üçün yaşadığı evə getmişdir. Lakin evdə olan zaman ağrıları kəskinləşdiyi və dözülməz hala gəldiyi üçün Gəncə şəhər 3 saylı xəstəxananın təcili tibbi yardım stansiyasına müraciət etmişdir.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona nəinki ilk tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmaq, bu barədə heç təklif belə etməmişdir. Həmin hadisə yerində onun bəhanə etdiyini, heç bir xəsarətinin, olmadığını bildirərək hadisə yerindən uzaqlaşaraq getmişdir. O Nizami küçəsində Zabitlər evinin qarşısından yolu əks istiqamətə keçərkən yolun sol tərəfindən avtomobil gəlmədiyi üçün yolun ortasına keçmək və əgər sağdan da avtomobil gəlməzsə yolu keçmək istədikdə həmin vaxt sola baxmağa ehtiyac olmadığı üçün baxmamışdır. Həmin avtomobil arxaya hərəkət edərək onun sağ qarın boşluğunun alt hissəsinə dəydikdən sonra avtomobili görmüşdür. Həmin avtomobil arxaya hərəkət etdiyi üçün sürəti o qədər də çox olmamışdır. İnzibati materiala əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18.12.2021-ci tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İnzibati materiala əlavə olunmuş «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş 28.11.2021-ci il tarixli, 1958 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər- sağ qasıq nahiyyəsinin qançırşişkinlik halında əzilməsi-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 28.11.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərərvurmaya aid edilir. Məhkəmə iclasında hadisə yerinin görüntüsünü əks etdirən DVD diskə baxış keçirilərkən video-görüntüdən müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi Wolksvagen Golf markalı avtomobili arxa istiqəmətə hərəkət etdirərkən Zərərçəkmiş şəxs avtomobilin arxa istiqamətə hərəkət etdiyini görərək avtomobilə doğru hərəkət edərək daha da yaxınlaşıb dayanmış və avtomobil onun qarşısından arxa istiqamətə hərəkət edərkən özünü avtomobilə çırpmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, zərərçəkmiş şəxsin ifadəsini dinləyib və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 327.8-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Zərərçəkmiş şəxs yetirilmiş xəsarət barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxsin idarə etdiyi avtomobilin ona dəyməsi nəticəsində baş versə də həmin hadisənin baş verməsində barəsinində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri olmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-41/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-41/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver