Məhkəmə qərarları › İş №3(043)-413/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-413/2021

11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-413/2021 11.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərər şəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material 11 iyun 2021-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis mayoru X7 tərəfindən tərtib olunmuş 10 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 01.06.2021-ci il tarixdə Şəxs Məhsəti qəsəbəsində yaşayan qaynanası Xəyalə Ələsgərovanı küçədə heç bir səbəb olmadan söyüb təhqir etmiş, onun qadınlıq ləyaqətini alçatmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahatında bildirdi ki, 01.06.2021-ci il tarixdə Şəxs qaynanası Xəyalə Ələsgərovanı nalayiq sözlərlə Məhsəti qəsəbəsində söyüb təhqir etmişdir. Onun əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 01.06.2021-ci il tarixdə yoldaşı ilə uşağını gəzməyə aparmaq ilə bağlı söhbət edən vaxt, qaynanası Xəyalə Ələsgərova uşağı özünün gəzməyə aparacağını, ona uşaq verməyəcəyini bildirmiş, daha sonra isə ona “cındır” demişdir, o da qarşılıq olaraq Xəyalə Ələsgərovaya eyni ifadəni işlətmişdir. Ondan başqa aralarında heç bir söyüş və ya təhqiredici ifadə işlədilməmişdir. Həmin vaxt küçədə heç kim olmamışdır. Qeyd edilənləri nəzərə alaraq onun barəsində başlanmış inzibati icraat haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 izahatında bildirdi ki, onunla kürəkəni Şəxs arasında 01.06.2021-ci il tarixdə yaranmış mübahisə zamanı aralarında sözlü mübahisə olmuşdur. Lakin, Şəxs onun ünvanına nalayiq ifadələr işlətməmiş, onu təhqir etməmişdir. Ona görə də protokolda yazılanlarla razı deyil. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, o, barəsində inzibati icraat aparılan Şəxs həyat yoldaşı, zərər çəkmiş şəxs Xəyalə Ələsgərovanın isə qızıdır. Onlar arasında mübahisə baş verən zaman o, onların yanında olduğundan hadisəyə şahidlik etmişdir. Həmin vaxt həyat yoldaşı Şəxs onun anasını təhqir etməmiş, ləyaqətini alçaldacaq heç bir ifadə işlətməmişdir. Onlar arasında uşağı parkda gəzdirmək üstündə sözlü mübahisə olmuşdur. Məhkəmə, iş materiallarında olan sənədlərə, proses iştirakçılarının və şahidin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai yerdə səs-küy salaraq Xəyalə Ələsgərovanın ünvanına nalayiq ifadələr işlətməsi faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə iclasında həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, həm zərər çəkmiş şəxs, həm də şahid izahatlarında belə bir halın baş vermədiyini bildirmişlər. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-in 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 -cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar