Məhkəmə qərarları › İş №3(043)-414/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-414/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-414/2022 17.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X5 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, 20 Yanvar küçəsi, ev 03-də qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Vətən Mehmanxanasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 17.05.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş 17.05.2022ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 16 dekabr 2021 -ci il tarixli qərarla icraata başlanılmış Kəlbəcər rayon Məhkəməsinin 2(040)-683/202i nömrəli, 15 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən 28 noyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs 30 iyun 2021-ci il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs bugünədək cəmi 800 manat məbləğində aliment ödəyib və borcu 2022-ci ilin may ayı da daxil olmaqla cəmi 960 manat təşkil edir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da X4 qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qayırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar aşkar edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X10 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtı-vaxtında ödəmir. Belə ki, borclu icra sənədinin icrasına başlanıldığı vaxtdan keçən müddət ərzində ümumilikdə 800 manat ödəniş etmişdir. Lakin, onun icra sənədi üzrə hazırda 960 manat borcu qalmaqdadır. Tələbkar isə qalıq borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı tələbin könüllü icrası bardə bildiriş ona 31.01.2022-ci il tarixdə təqdim olunmuşdur. İcra sənədi üzrə aliment isə 30.06.2021-ci il tarixdən hesablanır. Tələbin könüllü icrası barədə bildiriş təqdim edildikdən sonra yığılmış borcunu birdəfəlik ödəməyə imkanı olmasa da, hər ay həm aylıq cari aliment borcunu, həm də əvvəlki borcundan biraz ödənişlər etməklə ümumilikdə 800 manat alimenti ödəmişdir. Bundan sonra da hər ay 200-240 manat ödəniş etməyə davam edəcəkdir. O, borcunu ödəməkdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli 2(040)-683/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 29.11.2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 30.06.2021-ci il tarixdən hesablanmaqla 160 manat sabit pul məbləğində aylıq aliment tutularaq X3 ödənilməlir. İş materiallarından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli 2(040)-683/2021 saylı icra sənədi üzrə icraata 16.12.2021-ci il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş 31.01.2022-ci il tarixdə borcluya təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə müəyyən olunur ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan 01.02.2022-ci il tarixdə 200 manat 15.03.2022-ci il tarixdə 150 manat, 18.04.2022-ci il tarixdə 150 manat; 16.05.2022-ci il tarixdə 300 manat pulu tələbkarın bank hesabına ödəmişdir. Göründüyü kimi, borclu Şəxs nəinki icra sənədini üzrsüz səbəbdən icra etmir, əksinə o, icra sənədinin icrası ilə bağlı tələbin könüllü icrası barədə bildiriş 31.01.2022-ci il tarixdə ona təqdim edilsə də, o, həmin vaxtdan keçən 4 aya yaxın müddət ərzində hər ay maddi imkanının yol verdiyi həddə hissə-hissə olmaqla ümumilikdə 800 manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar