Məhkəmə qərarları › İş №3(043)-416/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-416/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-416/2022 01.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qərb Ərazi Baş Gömrük İdarəsində 11000-1343/22 nömrəli 11.05.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 1 (bir) lokomotivlə 12 (on iki) vaqonda Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçməklə gələn “elektroliz qurğuları üçün elektrodlar və anod blokları” yükü **********0234 saylı 29.04.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, Şəxs MMC-nin ünvanına 1 (bir) lokomotivlə 12 (on iki) vaqonda daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan MMC tərəfindən bu təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2- ci maddəsi ilə 04.05.2022-ci il tarixdə, 11000-1343/22 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 idxal olunan “elektroliz qurğuları üçün elektrodlar və anod blokları” yükünə dair qısa idxal gömrük bəyannaməsinin verilməməsinin səbəbinin daşıyıcı şirkətin yükə dair sənədləri vaxtında MMC-yə məlumat verməməyi ilə bağlı olduğunu bildirmiş, eyni zamanda inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasına və tətbiq olunacaq cərimənin könüllü surətdə ödənilməsinə hazır olduqlarını qeyd etmişdir. Şəxs MMC tərəfindən qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, idxal olunan “elektroliz qurğuları üçün elektrodlar və anod blokları” yükünə dair qısa idxal gömrük bəyannaməsinin verilməməsinin səbəbi Türkiyə Respublikasında yerləşən şirkətin yükün oradan çıxmasını və yükə gəlməsinə dair məlumatların vaxtında bildirməməsi ilə bağlı olmuşdur. Gömrük qaydalarını pozduqlarını etiraf edirlər və tətbiq ediləcək cərimə ödəməyə razıdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********0234 saylı, 29.04.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 12 vaqonda gələn “elektroliz qurğuları üçün elektrodlar və anod blokları” yükü gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin həm inzibati araşdırma zamanı həm də məhkəmə iclasında verdiyi izahatında hüquqi şəxsin ünvanına gələn yükə dair gömrük bəyannaməsinin təqdim edildiyini, lakin yük gömrük orqanına gəlməmişdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin təqdim edilməməsini, bununla da hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar