Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-424/2022 02.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir оğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs Arzu oğlunun iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayevin “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 17 may 2022-ci il tarixli qərarına əsasən 13 aprel 2022-ci il tarixdə saat 20 radələrində sürücü Şəxs idarə etdiyi "Mercedes Benz 811 D" yük markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Bakı avtomobil yolunun Gəncə şəhəri, N.Gəncəvi prospektindən keçən hissəsində yağışlı hava şəraitində hərəkət edən zaman «Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunu»nun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və həmin maddənin 3-cü hissəsinin tələblərini pozaraq, yəni eyni zolaqda ozundən qabaqda gedən nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamamaqla və saatda 60 km/saat surətlə hərəkət etməli olduğu halda surət həddini aşaraq saatda 70-80 km/saat surətlə hərəkət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda özündən qabaqda gedən sürücü Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes Benz E350" minik markalı, 90- XT-990 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində sürücü Zərərçəkmiş şəxs sağlamlığına ehtiyatsızlıqdan yüngül zərər vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi şöbəsində prokuror vəzifəsində işləyir. 13 aprel 2022-ci il tarixdə Gəncə Hərbi Məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etdikdən sonra sürücülük hüququ əsasında idarə etdiyi "Mercedes Benz E350" minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhərinə gedərkən saat 18:40 radələrində yolun Gəncə şəhəri, Nizami prospektində sürət həddi saatda 60 km müəyyən edilmiş hissəsində saatda 50-60 km sürətlə hərəkətdə olarkən qarşıda avtomobil qəzasının baş verdiyini və həmin əraziyə nişanların toplaşdığını müşahidə edərək surət həddini 30-40 kilometrə qədər azaltmış, yolun hərəkət hissəsində qəza etmiş avtomobilə məxsus predmetlərin töküldüyünü müşahidə etmiş, həmin qəza etmiş avtomobilin yanından keçən zaman qəfildən idarə etdiyi avtomobilin arxa hissəsinə yük avtomobili yüksək sürətlə tormozlama əməliyyatı etmədən toqquşmuşdur. Zərbənin təsirindən onun sol alın, göz və burun nahiyəsi avtomobilin tavanına, sol ayağı isə avtomobilin sükan idarəetmə sisteminin aşağı hissəsinə dəyərək xəsarətlər almışdır. Qəzadan sonra avtomobildən düşdükdə ona məxsus avtomobilin arxa hissəsinin ciddi zədələndiyini görmüşdür. Avtomobilin sürücü və sərnişin üçün nəzərdə tutulmuş ön oturacaqlarının hər ikisi zərbənin təsirindən yarasız vəziyyətə düşmüş, daha sonra baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermiş, aldığı xəsarətlərlə bağlı xəstəxanaya müraciət edərək ilkin tibbi vardım almışdır. Hadisə zamanı ondan başqa avtomobildə heç kim olmamış, sərxoş olmamış, təhlükəsizlik kəmərindən istifadə etmiş və hadisənin baş verməsinə səbəb sürücü Şəxs idarə etdiyi «Mercedes Benz 811 D» yük markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsinin saxlamaması və yolda qəza baş verdiyi halda yük maşını idarə etməsinin fərqində olmayıb etinasızcasına üzünü çevirib həmin qəzaya baxması olmuşdur. Hadisədən sonra yol nəqliyyat hadisəsi törətmiş Şəxs onunla maraqlanmamış, onun səhhətinə və avtomaşınına vurulan ziyanı ödəməmişdir. O, Şəxs ilə dəfələrlə əlaqə saxlasa da sonuncu ona hörmətsizlik edərək ona əhəmiyyət verməmiş, hətta məhkəmə proseslərinə belə gəlməmişdir. Bu səbəbdən Şəxs şikayətçi olmaqla ona 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması barədə tənbeh verilməsini xahiş edir. Məhkəməyədək icraat dövründə barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında "Mercedes Benz 811 D" yük markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmiş, 13.04.2022-ci il tarixdə həmin avtomobillə Qazax rayonundan Bakı şəhərinə gedərkən yolun Gəncə şəhərinin Nizami məqbərəsi adlanan ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsinə baxaraq başı qarışmış, bu zaman idarə etdiyi avtomobil ondan qarşıda hərəkətdə olan əvvəllər tanımadığı və adını sonradan bildiyi sürücü Zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes Benz F350" minik markalı, **-XT- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və nəticədə sonuncunun sağlamlığına və avtomobilinə ziyan dəymişdir. Hadisə zamanı avtomobilin əyləc sistemindən istifadə etməmiş, hava şəraiti yağışlı olduğundan bunun əhəmiyyətsiz olduğunu düşünmüş, avtomobili təxminən 70-80 km saatla idarə etmiş, ondan başqa avtomobildə heç kim olmamış, heç bir xəsarət almamış, sərxoş olmamış, təhlükəsizlik kəmərindən istifadə etmiş və hadisənin baş verməsinə səbəb onun qarşı avtomobillə ara məsafəsi saxlamaması olmuşdur. İş materiallarına əlavə olunmuş, 17 may 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 328.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər prokuroruna göndərilmişdir. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, hadisə vaxtı hər iki sürücü, yəni Şəxs və Zərərçəkmiş şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşlar. İş materiallarına əlavə olunmuş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 13 aprel 2022-ci il tarixli protokol və ona əlavə olunmuş sxemdən görünür ki, hadisə Gəncə şəhəri, N.Gəncəvi prospektində, düz asfalt beton, yaş örtüklü, 22 metr örtüklü, 11 metr hərəkət hissəsi olan, işıqlandırıcı dirəklər olmaqla 4 hərəkət zolaqlı, hərəkət zolaqları qırıq-qırıq xətlərlə ayrılan və nizamlanmayan yolda baş vermişdir. İş materiallarına əlavə olunmuş 04.12.2021-ci il tarixdə Tovuz Asan Xidmət Mərkəzində verilmiş və 04.12.2031-ci il tarixədək etibarlı hesab olunan sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs “BC” kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. İş materiallarına əlavə olunmuş 27.01.2019-ci il tarixdə 5 saylı Asan Xidmət Mərkəzində verilmiş və 27.01.2029-cu il tarixədək etibarlı hesab olunan sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs “B” kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinin) 26.04.2022-ci il tarixli, 628 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol baldır nahiyəsinin yumşaq toxumasının əzilməsi, hematoması, alın, sol gözün üst qapağının və burun nahiyələrinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 13.04.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 19 may 2022-ci il tarixli, ilkin qiymətləndirmə aktınını surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus "Mercedes Benz E350" minik markalı avtomaşına 7796 (yeddi min yeddi yüz doxsan altı) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasının 10 may 2022-ci il tarixli, 8/1121 nömrəli rəyindən görünür ki, “Mercedes-Benz 811 D” yük markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. "Mercedes-Benz E350" minik markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobilim sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Həmin rəyin təsviri hissəsindən görünür ki, toqquşmanın "Mercedes-Benz E350" minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün görünüş dairəsindən kənarda baş verməsi səbəbindən Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənləri, zərərçəkmiş şəxsin şikayətçi olmasını, dəymiş maddi və mənəvi ziyanın ödənilməməsini və işin başqa hallarını nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətə məhdudlaşma növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(043)-424/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-424/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver