Məhkəmə qərarları › İş №3(043)-427/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-427/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-427/2022 19.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 19 may 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X3 tərəfindən tərtib olunmuş 19 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 19.05.2022ci il tarixdə 2-ci Polis Şöbəsində uca səslə nalayiq ifadələr işlədərkən onu nizam-intizama dəvət edə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X3 izahatında göstərdi ki, Şəxs 19.05.2022-ci il tarixdə 2-ci Polis Şöbəsində uca səslə nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuş, onu nizam-intizama dəvət edə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 19.05.2022-ci il tarixdə gecə saat 4-5 radələrində onun xalasının nəvəsini 2-ci Polis Şöbəsinə aparmışlar. Xalasının nəvəsi ona zəng edərək onu polis idarəsinə aparılması barədə məlumat vermişdir. O, da 2-ci Polis Şöbəsinə getmiş, vəziyyəti maraqlanmış və onun buraxılmasını xahiş etmişdir. Daha sonra o, sərxoş vəziyyətdə olduğu üçün həmin polislərlə mübahisə etmiş, polislərin qanuni tələblərinə tabe olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır və barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin PPX-nin polis nəfəri, polis baş serjantı X2 izahatında bildirdi ki, 19.05.2022-ci il tarixdə təxminən saat 04:15 radələrində 2-ci Polis Şöbəsinə gətirdikləri şübhəli vətəndaşların ardınca Şəxs Şöbəyə gəlmiş, əvvəlcə onların buraxılmasını xahiş etmişdir. Ona izah edilmişdir ki, həmin şəxslərlə bağlı şübhə öz təsdiqini tapmazsa qısa müddət sonra onlar buraxılacaqdır. Lakin Şəxs əl çəkməyərək israrla onların dərhal sərbəst buraxılmasını tələb etmiş, ona bunun mümkün olmadığını bildirdikdə isə uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onu Şöbədən çıxarmaq istədikdə onunla tutaşmış və Şöbədən çıxmamaqda israr etmişdir. Bundan sonra Şəxs nə qədər nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələbinə tabe olmamışdır və bunun əsasında da onun barəsində raportla rəhbərliyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19.05.2022-ci il tarixdə saat 04:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, 19 may 2022-ci il tarixdə Şəxs sərxoşluq müayinəsinin nəticəsində sidikdə THC, və qanda alkoqol aşkar edilmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidin izahatı ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan ictimai qaydanı pozaraq 2-ci Polis Şöbəsinin gözləmə zalında uca səslə səs-küy salaraq, polis şöbəsinin iş rejimini kobud şəkildə pozmuş, onu nizam-intizama dəvət edə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 19 may 2022-ci il saat 04:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar