Məhkəmə qərarları › İş №3(043)-428/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-428/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-428/2020 07.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11, icra işi üzrə tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X8 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X16 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxx 2020-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)2587/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 2 uşağın saxlanılması üçün 140,60 manat olmaqla cəmi 281,20 (iki yüz səksən bir manat iyirmi qəpik) aliment tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu borcundan heç bir ödəniş etməmişdir. Nəticədə 4000 (dörd min) manat aliment borcu yığılmışdır. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(043)-428/2020 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan zərərçəkmiş şəxs X1 şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(043)-428/2020 saylı qərarından xx.xx.2020-cu il tarixdə apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(104)-237/2019 saylı qərarına əsasən G.Fərəcullayeva tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(043)-428/2020 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında material yenidən baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X16 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcunu inkar etmir və ödəmək niyyətindədir. Lakin, heç bir əmlakı olmadığından və heç bir yerdə işləmədiyindən icra sənədində göstərilən məbləğdə alimentin hər ay ödənilməsi onun imkanı xaricindədir. Ümumiyyətlə hazırda pandemiya ilə əlaqədar işləyə bilmir. Buna baxmayaraq davamlı olaraq hər ay 200 manat aliment ödəyir. Hal-hazırda 200 manat artıq aliment pulunu ödəməyə imkanı çatmır. Hesab edir ki, hazırki vəziyyətdə onun əməlində inzibati xəta tərkibi yaranmamışdır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X15 çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs məhkəmə qərarının icrasından qərəzli olaraq yayınması müəyyən olunmamışdır. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment pulunu müxtəlif tarixlərdə olmaqla maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmışdır. Hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 bildirdi ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment borcunun ödənilməsindən qəsdən yayınmışdır. Borcluya icra məmuru tərəfindən hər dəfə möhlət vermiş, borcunu ödəməsi üçün şərait yaratmışdır. Əgər borclu səmimi şəkildə pulunu qaytarmaq istəsə idi, qətnamədən keçən müddətdə borcunu çoxdan ödəyib qurtarardı. Lakin borclu qərəzli olaraq onun pulunu qaytarmaq istəmir. Şəxs rəsmi olaraq heç bir yerdə işləməsə də faktiki olaraq ötən üç il ərzində müxtəlif yerlərdə faktiki olaraq işləmişdir. Hesab edir ki, Şəxs hərəkətləri, o cümlədən rəsmi işə girməməsi də icra sənədinin icrasından qərəzli olaraq yayınması kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Şəxs ciddi tənbeh edilməlidir ki, o icra sənədini azımi qaydada icra etsin. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2587/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx xxxxxxxx 2009-cu ildə doğulmuş X2 və xx xxxxxx 2012-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(043)-2835/2017 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa 140,60 manat olmaqla, cəmi 281,20 (iki yüz səksən bir manat, 20 qəpik) manat məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Şəxs tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2835/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş X10 cavabdeh Şəxs alınaraq, iddiaçı X3 verilməsi, tərəflərin nikahından xx.xx.2012-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 136,60 manat alimentin tutulması isə azyaşlı X7i alınaraq cavabdehdən alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verildiyi gündən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2587/2019 nömrəli, xx.xx.2019-cu il tarixli il icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22(043)-2835/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavab görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X6 Şəxs tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 2178 manat məbləğində aliment ödənilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi izahatların surətindən məlum olur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə barəsində qanuna müvafiq qaydada məcburi icra tədbirləri və Azərbaycan Respublikası İXM-nin 528.1-ci və Azərbaycan Respublikası CM-in 306.1-ci maddələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdar olunduğunu göstərmişdir. İş materiallarında olan hesabdan çıxarışdan və qəbzlərdən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdən etibarən hər ay tələbkara 200 manat aliment ödəmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2587/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini daimi olaraq əksik ödəmişdir. Şəxs bunu heç bir yerdə işləməməsi ilə əlaqələndirsə də alimentin ilk olaraq tutulmağa başlandığı 2017-ci ildən ötən 3 il müddət ərzində iş tapa bilməməsini heç nə ilə əsaslandırmamış, üstəlik hazırkı gəlirinin mənbəyi barədə məhkəməyə inandırıcı dəlil təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə tələbkarın Şəxs qəsdən rəsmi qaydada işləməməsi ilə bağlı izahatını daha ağlabatan hesab edir. Şəxs aliment ödənişlərini məhkəmənin müəyyən etdiyi məbləğdə deyil, məhz özünün istədiyi şəkildə icra etməklə məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırır. Bunun nəticəsində də Şəxs icra sənədi üzrə borcu hazırda 4162,40 manat təşkil edir və artmaqda davam edir. Məhkəmə hesab edir ki, Şəxs əməli icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizi edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2020-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 06 (altı) saat ərzində hüquqi yardım göstərdiyinə görə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 ödənilməsi üçün 36 (otuz altı) manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına («xxxxxxxxx» ASC-in Gəncə şəhər filialı, kod 504023, VÖEN **********, Müxbir hesab A324HAB********************4. SWİFT BİK: HAJCA322. Hesab №-si AZ75HAJCHCPAZH**********1001. VÖEN: **********) köçürülsün. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar