Məhkəmə qərarları › İş №3(043)-431/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-431/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-431/2021 18.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhəri Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 18 iyun 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 18 iyun 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 3(066)-271/2020 saylı qərara əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona gün ərzində 200 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Şəxs təyin edilmiş 200 saat ictimai işlər inzibati tənbeh növünü çəkməmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o, ictimai işlər tənbehini çəkməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahatında bildirdi ki, Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 3(066)-271/2020 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 200 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Şəxs təyin edilmiş 200 saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən qəti surətdə imtina etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Şəxs çağırışlara gəlmədiyi üçün onun məcburi gətirilməsi barədə qərara qəbul edilmiş, Şəxs polis vasitəsi ilə probasiya şöbəsinə gətirilmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, Gəncə şəhərində deyil, Göygöl rayonunda yaşayır. Məhkəmə qərarı ilə təyin edilmiş 200 saat ictimai işləri işi ilə və himayəsində azyaşlı uşaqları olduğu icra edə bilməmiş, bu səbəblərdən probasiya şöbəsinə gedə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli, 3(066)-271/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 200 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş icraata başlama haqqında 10.11.2020-ci il tarixli qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 3(066)-271/2020 nömrəli, 25.09.2020-ci il tarixli qərarı əsasında icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş 10.11.2020-ci il tarixli, 171699/2020 nömrəli bildirişdən görünür ki, Göygöl Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli, 3(066)-271/2020 saylı qərarının icrası ilə əlaqədar Şəxs 3 gün müddətində Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinin surətindən görünür ki, Şəxs 10.11.2020-ci il tarixli, 171699/2020 bildirişi 25.11.2020-ci il tarixdə imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 08.02.2021-ci il tarixli, 171699/2020 nömrəli xəbərdarlıqdan görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli, 3(066)- 271/2020 saylı qərarı ilə təyin edilmiş 200 saat ictimai işlər inzibati tənbeh növünün çəkilməsi qaydalarını pozduğu üçün rəsmi xəbərdarlıq edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinin surətindən görünür ki, Şəxs 08.02.2021-ci il tarixli, 171699/2020 nömrəli bildirişi 26.02.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 12.04.2021-ci il tarixli barəsində ictimai işlər inzibati tənbeh tətbiq edilmiş şəxsin məcburi gətirilməsi barədə qərardan görünür ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı məcburi qaydada Gəncə şəhər Probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs 18.06.2021-ci il tarixli izahatından görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli, 3(066)-271/2020 saylı qərarı ilə ona təyin edilmiş 200 saat ictimai işlər inzibati tənbeh tətbiqini icra etməkdən boyun qaçırdığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər növündə tənbehin çəkilməsindən boyun qaçırmış, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, probasiya şöbəsinə getməkdən imtina etmiş, daha sonra məcburi gətirilmə barədə qərar əsasında probasiya şöbəsində məcburi qaydada gətirilmiş və həmin şöbədə, eləcə də məhkəmə iclasında verdiyi izahatında ictimai işlər tənbehini çəkməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər tənbehinin çəkilməsindən boyun qaçırmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 18 iyun 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar