Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-439/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsində təhqiqatçı işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X11 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 11.08.2021-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 28.03.2021-ci il tarixdə Şəxs sürücülük hüququ olmaqla qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi “VAZ-21214” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə üzü Gəncə şəhər Mərkəzi Univermaq istiqamətində hərəkətdə olan zaman “Toyota Rav-4” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobildə olan sərnişinlər X6 və X1 qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərər çəkmiş şəxs X7 və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis leytenantı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19.06.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X13 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 29.03.2021-ci il tarixli 447 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində xəsarətlər müəyyən edilməmişdir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 29.03.2021-ci il tarixli 448 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – təpə nahiyəsinin çapılmış yarası - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 28.03.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 29.03.2021-ci il tarixli 473 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına qansızma, göz qapaqlarının hematoma halında əzilməsi, sol qaşüstü nahiyənin yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 28.03.2022-ci il tarixdə əmələ gələ bilərlər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi 28.03.2021-ci il tarixdə baş vermiş, həmin hadisə üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması haqqında qərar isə 19.06.2022-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta hadisəsinin törədilməsindən etibarən bir ildən artıq müddət keçmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsindən isə üç aydan artıq müddət keçmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində İXP ******* nömrəli, 11.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-439/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-439/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver