Məhkəmə qərarları › İş №3(043)-440/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-440/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-440/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax rayonu, Tanrıqullar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 25 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 18.04.2022-ci il tarixdə saat X5 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsində yarım tikilidən 1 ədəd 30 manat dəyərində su qızdırıcı və 1 ədəd 25 manat dəyərində 1 drel oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş 25 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 17.03.2022-ci il tarixdən 16.04.2022-ci il tarixə qədər olan müddətdə X1 məxsus Gəncə şəhəri Poçt qəsəbəsində fərdi yaşayış evindən 50 manat dəyərində 1 ədəd somovar və 40 manat dəyərində 1 ədəd qazan oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş 25 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 04.05.2022-ci il tarixdən 05.05.2022-ci il tarixə qədər olan müddətdə X3 məxsus VAZ 2106 markalı avtomobildən 50 manat dəyərində 1 ədəd akkumlyator və 15 manat pulu oğurlamışdır. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 25 may 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialların bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X4 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama əməlləri İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokollarda qeyd olunan əməlləri törətmişdir. Həmin əməlləri maddi vəziyyəti pis olduğu üçün törətmişdir. Törətdiyi əməllərə görə çox peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26.04.2022-ci il, 06.05.2022-ci il və 13.05.2022-ci il tarixli qərarlardan görünür ki, yuxarıda qeyd olunan əməlləri törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:00da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 24.05.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş MN ******* saylı, 25.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, 25.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə və MN ******* saylı, 25.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4cü maddəsinə əsasən təyin edilmiş tənbehlər tam toplanılmaqla, ona qəti olaraq 2 (iki) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 24 may 2022-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar