Məhkəmə qərarları › İş №3(043)-445/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-445/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-445/2022 27.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir оğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri 4-cü polis bölməsinin sahə rəisi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri Səfəvilər küçəsi, 6-cı döngə ev 17-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri 4-cü Polis Bölməsinin polis sahə rəisi, X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 26 may 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 may 2022-ci il tarixdə saat 23:30 radələrində Gəncə şəhəri Abdulla Şur küçəsində ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri 4-cü Polis Bölməsinin polis sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 25 may 2022-ci il tarixdə saat 23:30 radələrində Gəncə şəhəri Abdulla Şur küçəsində məktəbin qarşısında ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələbini pozmuşdur. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs onun sahə rəisi olduğu ərazidə yaşayır və onun əvvəllər barəsində şikayət olmamış, sakit bir vətəndaş kimi tanımışdır. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, kafelərdə kuryer işləyərək ailəsini dolandırır. Hazırda evli olmaqla arvadı hamilədir. 25 may 2022-ci il tarixdə saat 23:30 radələrində tanışı ilə telefonda danışaraq ona verdiyi borcu istəmişdir. Lakin tanışı verdiyi borcu qaytarmaqdan imtina etmişdir. Belə olan halda o, özündən çıxaraq Gəncə şəhəri, Abdulla Şur küçəsində məktəbin qarşısında ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələbini pozmuşdur. Özünü təqsirli bilir və hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını və arvadının hamilə olmasını nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri 4-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. O, 25 may 2022-ci il tarixdə, saat 23:30-da Gəncə şəhəri Abdulla Şur küçəsində xidmətdə olmuşdur. Həmin vaxt Kazımov X3 Şur küçəsində məktəbin qarşısında ucadan nalayiq ifadələr işlətmiş və onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, şahid ifadəsi və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Belə ki, Gəncə şəhəri Abdulla Şur küçəsi ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı və polisin növbətçi hissənin iş rejimini pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Eyni zamanda məhkəmə əlavə olaraq qeyd edir ki, Şəxs 25 iyul 2022-ci il tarixdə saat 23:55dən hazırki iş üzrə məhkəmə iclasının sonunadək inzibati qaydada tutulması nəzərə alınmalıdır. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25.05.2022-ci il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar