Məhkəmə qərarları › İş №3(043)-462/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-462/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-462/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakı ilə, «xxxxxxxxxx» MMC tərəfindən Azərbaycan RespublikasıİXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Gəncə şəhəri BPİ-nin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş AP seriyalı ******* nömrəli xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «xxxxxxxxxx» MMC xx xxxx 2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bugünədək təqdim etməmişdir. Bununla da hüquqi şəxsin barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi izahat verərək bildirdi ki, o, «xxxxxxxxxx» MMC əməkdaşıdır. Sorğuda qeyd olunan X3 yük markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil təmsil etdiyi Şöbənin balansındadır. Hüquqi şəxsin ünvanına çoxsaylı məktublar gəlir və əksər hallarda məktubları o qəbul edir və rəhbərliyə təqdim edir. Ola bilsin ki, Gəncə şəhər DYPŞ-dən gələn sorğunu da rəhbərliyə təqdim etmişdir. Bundan başqa sorğuda hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd olunmuşdur. Hesab edir ki, Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin hüquqi şəxsə hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın əldə olunması barədə zərurət olmamışdır. Belə ki, törədilmiş inzibati xətaya görə İXM-də hüquqi şəxs üçün də inzibati tənbeh vermə nəzərdə tutulmuşdur. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. İş materiallarında olan Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən «xxxxxxxxxx» MMC-yə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 00:51-də X3 yük markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Koroğlu metro istiqamətində hərəkətdə olarkən müəyyən edilmişdir ki, mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə sığorta müqaviləsi bağlamamışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulur. «xxxxxxxxxx» MMC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin maddənin sanksiyasında hüquqi şəxslər üçün də inzibati tənbeh vermə nəzərdə tutulmuşdur. Buna görə də Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən «xxxxxxxxxx» MMC-yə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın əldə olunması barədə sorğusuna zərurət olmamışdır. Çünki, avtomobili kimin idarə etməsindən asılı olmayaraq həmin inzibati xətaya görə məsuliyyəti avtomobilin mülkiyyətçisi olan hüquqi şəxs daşıyır. Sorğunun verilməsində məqsəd inzibati xətaya görə məsuliyyət daşımalı olan şəxsi müəyyən etmək olduğundan, inzibati xətaya görə məsuliyyət daşımalı olan hüquqi şəxs məlum olduğu halda iş üzrə hər hansı əhəmiyyət kəsb etməyən sorğunun cavablandırılmamasına görə hüquqi şəxs məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, «xxxxxxxxxx» MMC-nin əməlində Azərbaycan RespublikasıİXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: «xxxxxxxxxx» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar