Məhkəmə qərarları › İş №3(043)-477/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-477/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-477/2021 09.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin 14 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: X2 məhkəməyə ərizə ilə müraciət edərək Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin 14 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunun və qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, inzibati xəta haqqında protokol inzibati tənbeh verilməsini nəzərdə tutmur, yalnız ehtimal olunan inzibati xəta faktının sənədləşdirilməsindən ibarət olmaqla gələcəkdə inzibati xəta haqqında işə baxılarkən sübut növü kimi istifadə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X1 şəhəri Nizami Rayon Polis İdarəsinin 14 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunun və qərarının ləğv edilməsini xahiş etsə də şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, 14 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol mövcud olsa da bu nömrəli və tarixli inzibati xəta haqqında qərar mövcud deyildir. X2 qanunda nəzərdə tutulduğu kimi inzibati tənbeh vermə haqqında qərarın yox, heç bir inzibati tənbeh tətbiq etməyən və inzibati xəta haqqında iş üzrə icraatda sübutlardan biri olan protokolun ləğv edilməsi barədə ərizə vermişdir. İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi və ya protokolun ləğv edilməsi nəzərdə tutulmadığından bu şikayət icraata qəbul edilə və baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin 14 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunun və qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar