Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-478/2021 08.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, X1 katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində 08.07.2021-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs barəsində olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2(043)-444/2019 nömrəli icra vərəqəsinə əsasən borcunu ödəməyərək icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-444/2019 saylı 06.02.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 13300 manat borc və 25 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi müvafiq olaraq 18.03.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. 12.04.2019-cu il tarixdə borcluya xəbərdarlıq göndərilmişdir. Bundan sonra borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmiş və borcunu ödəməsi tələb olunmuşdur. Lakin borclu tələbi tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə yə ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hal-hazırda ailəlidir və himayəsində 2 azyaşlı uşaqları vardır. Texnoloğiya Universitetində mühafizəçi işləməklə 200-250 manat əmək haqqı alır və əmək haqqının 50 faizi icra sənədi üzrə borca tutulur. 2019-cu ildən bəri imkanı daxilində borcundan hər ay ödəniş etmişdir. Əmək haqqından başqa gəliri olmadığı üçün yaşadığı evi satışa qoymuşdur ki, borcunu ödəsin, lakin evi sata bilməmişdir. Hətta tələbkarın özüdə müştəri tapmışdır və həmin müştəri də evi almamışdır. Borcunu ödəməkdən heç vaxt yayınmamışdır və evini satmaqla ödəyəcəkdir. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəxs bu günədək borcunu ödəməmişdir. Borcunu ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə prosesində iştirak edən şəxslərin izahatlarından, təqdim olunmuş inzibati materialdan və icra işində olan sənədlərdən məlum olmuşdur ki, borclu tərəfindən icra sənədinin icra olunmaması onun qərəzli hərəkətləri nəticəsində olmamışdır. İnzibati materiala əlavə olunmuş sorğudan görünür ki, borclu Şəxs 250 manat əmək haqqından başqa gəliri və qazancı və ya tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı aşkar olunmamışdır. Göründüyü kimi borclu icra sənədi üzrə borcunu maddi imkanın yol verdiyi həddə ödəyir. Qərəzli olaraq borcun ödənilməsindən yayınmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və icra məmurunun izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 30-34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-478/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-478/2021
08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver