Məhkəmə qərarları › İş №3(043)-481/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-481/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-481/2021 12.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, E.Allahverdiyev küçəsi ev 57 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 27.06.2021-ci il tarixdə X2 yaşadığı evdə döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxs onun əri ilə qeyri-rəsmi ailə münasibətində olmuşdur. Dəfələrlə gəlib onu narahat etmiş, təhqir etmişdir. Sonuncu dəfə oğlu onlarda olduğu üçün gəlmiş və nalayiq sözlər işlətmişdir. O isə onu dəmir boru ilə vuraraq onu qovmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun qeyri-rəsmi ailə münasibətində olduğu şəxsin arvadıdır. Oğlu onlarda olduğu üçün gəlmiş və oğlunun harada olmasını soruşmuşdur. Bu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onu təhqir etmiş və onu şiddətə məruz qoymuşdur. Şikayətçi olduğunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin təhqiqat bölməsinin 27.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Həmin qərardan görünür ki, ekspert rəyi ilə X1 bədəni üzərində sağlamlığa zərər vurmayan xəsarət olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis kapitanı Zaur Hüseynov tərəfindən tərtib edilmiş, 12.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.06.2021-ci il tarixdə X2 yaşadığı evdə döymüşdür. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar