Məhkəmə qərarları › İş №3(043)-493/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-493/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-493/2021 22.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinin polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 15 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İlk növbədə qeyd edilməlidir ki, inzibati xəta haqqında protokolda hansı yolnəqliyyat hadisəsinin baş verməsi (inzibati xətanın mahiyyəti), inzibati xətanın törədildiyi yer, inzibati xətanın törədilməsi nəticəsində kimin sağlamlığına zərər vurulması, zərərçəkmiş şəxs barədə məlumatlar göstərilməmiş, eyni zamanda inzibati xəta haqqında işə baxılması zamanı müvafiq araşdırmanın aparılması üçün zəruri olan sənədlər, o cümlədən mövcud olduğu təqdirdə yol-nəqliyyat hadisəsinin videogörüntüsü, hadisənin şahidləri barədə məlumatlar, yol-nəqliyyat hadisəsinin sxemi materiala əlavə olunmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, İXM-in 327.8-ci maddəsi blanket norma olmaqla müstəqil olaraq inzibati xəta tərkibi yaratmır və bu inzibati xətanın tərkibinin yaranması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən İXM-in 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalardan ən azı biri törədilməli və bu xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmalıdır. Halbuki protokolda Şəxs tərəfindən hər hansı başqa inzibati xətanın törədildiyi qeyd edilməmişdir. Qeyd edilən məlumatlar olmadan hazırkı inzibati xəta haqqında işə baxılması və qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsindən daxil olmuş 15 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinə geri qaytarılsın. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar