Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-494/2022 02.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X5 Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən X2 27 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X5 Nəzarəti İdarəsinin (bundan sonra İdarə) rəisi vəzifəsini icra edən X2 27 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, İdarənin əməkdaşları tərəfindən 13.01.2022-ci il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.Rəhimov küçəsində yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın texniki müayinə zamanı aşkar edilmiş yanğına qarşı nöqsanlarla bağlı şikayətçinin barəsində inzibati tənbeh vermə haqqında 27.01.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan narazıdır və qərarın ləğv edilməsini xahiş edir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən və ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 27.01.2022-ci il tarixli MN ******* saylı qərardan görünür ki, 13.01.2022-ci il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.Rəhimov küçəsində yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın texniki müayinə zamanı Yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulduğuna görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 150 manat inzibati cərimə edilmişdir. Həmin qərar 01 fevral 2022-ci il tarixli məktubla X1 göndərilmişdir. Şikayət verilmiş qərarın 27 yanvar 2022-ci il tarixdə qəbul olunmasına baxmayaraq X3 qərarın qəbul edildiyi vaxtdan 5 aydan artıq vaxt keçdikdən sonra, 01 iyun 2022-ci il tarixdə həmin qərardan şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə izah edir ki, şikayətçi qərarın surətini rəsmi qaydada aldığı vaxtdan 10 gün müddətində həmin qərardan məhkəməyə şikayət verə bilərdi. Şikayətçi qərarın surətinin ona daha gec tarixdə verilməsinə istinad etməmiş, şikayətin gec verilməsini təsdiq edən sənəd təqdim etməmişdir. Şikayətçi şikayət verilməsi üçün müddət üzrlü səbəbdən ötürüldüyü halda həmin üzrlü səbəblərin olmasını təsdiq edən sənədləri əlavə etməklə buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlə qərarı qəbul etmiş orqana müraciət edə bilər. Məhkəmə eyni zamanda şikayətçinin diqqətinə ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı qaydaların çatdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd edir ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir. Həmin Qərardan aydın göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalara dair işlər üzrə qərarlardan verilən şikayətlərə İXM-in 110.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada, yəni inzibati xətanın törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalı olduğunu müəyyən etmiş, şikayət vermiş şəxsin vəsatətinə əsasən şikayətə onun yaşayış yeri üzrə baxılmasının mümkünlüyü də təsbit edilmişdir. Şəxsin vəsatətinə əsasən şikayətə onun yaşayış yeri üzrə baxılmasının mümkünlüyü şəxsə birbaşa öz yaşayış yeri üzrə məhkəməyə şikayət vermək hüququ vermir. Şəxs ilkin olaraq aidiyyəti məhkəməyə müraciət etməli, şikayətə öz yaşayış yeri üzrə baxılması barədə vəsatəti isə həmin məhkəmənin qarşısında qaldırmalıdır. Məhkəmə işin hallarına görə şikayətə şəxsin yaşayış yeri üzrə baxılmasını mümkün hesab edərsə işi baxılması üçün həmin məhkəməyə göndərə bilər. Şikayətdən və qərardan göründüyü kimi inzibati xəta hadisəsinin olduğu yer Goranboy Rayon Məhkəməsinin yurisdiksiyasına aid edilmiş ərazidir. Buna görə də şikayətçiyə müvafiq çatışmazlıqları aradan qaldırdıqdan sonra Goranboy Rayon Məhkəməsinə müraciət etməli olması da izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 128-130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X5 Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən X2 27 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-494/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-494/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver