Məhkəmə qərarları › İş №3(043)-498/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-498/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-498/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1951-ci ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, evli, ali təhsilli, Azərbaycan Dövlət Aqrar Universitetində professor vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2020-ci il tarixdə saat 19:05-də istifadəsində olan Nissan Altima minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə həyat yoldaşı X6 ilə birlikdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə düzünə üzü mərkəzi bazar istiqamətində idarə etdiyi Nissan Altima minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolda açıq qalan kanalizasiya quyusunun görmüş və avtomobil quyuya düşməsin deyə qarşı tərəf zolağına çıxmış və öz yolu ilə düzünə hərəkətdə olan “Mercedes Benz” minik nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Sonda Şəxs zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, xx.xx.2020-ci il tarixdə, saat 11:30 dəqiqədə sürücü xx.xx.1951-ci ildə Tovuz rayonunda anadan olmuş, azərbaycanlı, Azərbyacan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, özünə məxsus idarə etdiyi, “Nissan Altima minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti ilə düzünə, mərkəzi bazar istiqamətində hərəkətdə olan zaman həmin prospektdə yerləşən “Güllər market”-nin bərabərliyində idarəetməni itirərək həmin prospektdə qarşı hərəkət zolağı ilə hərəkətdə olan sürücü X1 hüququ olmaqla ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 220” minik” markalı, CC-028-LL Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş nəticədə sonuncu avtomobilin sərnişini X2 bazu oynağının yarım çıxığı, sağ bazu nahiyyəsinin yumşaq toxumalarının əziyi və hematoması, sağ said nahiyyəsinin qançırı qismində yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin Vİİ bəndinin 7-ci hissəsinə əsasən üfiqi nişanlanma xəttinin 1.1—1.3 xətlərini (uzununa (1.1—1.11)) kəsib keçmək qadağandır. Şəxs hərəkət etdiyi istiqamətdə maneədən yayınmaq üçün əks istiqamətdən gələn avtomobillərin hərəkət zolağına çıxaraq manevr qaydasını pozmuş və İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin xəta nəticəsində digər nəqliyyat vasitəsində olan sərnişinin sağlamlığına yüngül xəsarət yetirildiyindən onun hərəkəti İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin maddəyə əsasən İXM-in 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar