Məhkəmə qərarları › İş №3(043)-499/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-499/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-499/2021 22.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 21.07.2021-ci il tarixdə inzibatçı işlədiyi «Şahzadə» şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatları portal sisteminə yükləməyərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X2 protokolun məzmununa uyğun çıxış edərək, qanuna müvafiq tədbir görülməsini nəhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, «Şahzadə» şadlıq sarayında inzibatçı işləməklə toy mərasimi barədə işlərin çoxluğu ilə əlaqədar olaraq lazımı məlumatları yerləşdirə bilməmişdir. Əməlindən peşman olduğunu və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati materiala əlavə olunmuş əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs “Şahzadə” şadlıq sarayında administrator vəzifəsində işləyir. İnzibati materiala əlavə olunmuş 21.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21.07.2021-ci il tarixdə inzibatçı işlədiyi «Şahzadə» şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatları portal sisteminə yükləməyərək inzibati xəta törətmişdir. İnzibati materiala əlavə olunmuş 21.07.2021-ci il tarixli, 2343 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xətanın qarşısının alınması məqsədi ilə Şəxs 21.07.2021-ci il tarixdə saat 19:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarının 2.5-3.6-cı bəndinə əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə protokollaşdırılmışdır. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Şəxs törədilmiş inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 21.07.2021-ci il saat 19:40dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar