Məhkəmə qərarları › İş №3(043)-501/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-501/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-501/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 26 iyul 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X2 tərəfindən tərtib olunmuş 24 iyul 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 24.07.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Atabəylər prospektində uca səslə nalayiq ifadələr işlədərək, X3 adlı şəxslə ictimai qaydanı pozan zaman onları nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X2 izahatında göstərdi ki, Şəxs 24.07.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Atabəylər prospektində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 24.07.2021-ci il tarixdə 19 radələrində Gəncə şəhəri, Atabəylər prospektində söyüş söymüş və bu zaman orada olan polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, sərxoş vəziyyətdə olduğu üçün onlara tabesizlik göstərmiş və söyüş söyməyə davam etmişdir. Sonra onu Kəpəz RPİ-yə aparmışlar. Əməlindən peşmandır və bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Bütün bunları nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X4 ifadə verərək bildirdi ki, Gəncə şəhəri Atabəylər prospektində “Gədəbəy” adlı kafenin yaxınlığında ərazidə xidmətdə olan zaman iki nəfər şəxsinin ucadan nalayiq ifadələr işlədərək səs-küy saldığını görüb, ekipaj yoldaşları ilə birlikdə onlara yaxınlaşaraq, özlərini təqdim etmiş ictimai yerdə olduqlarını onların diqqətinə çatdıraraq onları nizam-intizama dəvət etmişlər. Həmin şəxslərin sərxoş vəziyyətdə olduğu ilk baxışdan hiss olunmuşdur. Həmin şəxslər onların qanuni tələblərinə tabe olmayıb öz hərəkətlərini davam etdirdiyi üçün onları Kəpəz RPİ-yə aparmışlar. İdarədə onların şəxsiyyəti müəyyən edilərək həmin şəxslərin Şəxs və X3 olduqları aşkar edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 24 iyul 2021-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs 24 iyul 2021-ci il tarixdə müayinə edilmiş və yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidin ifadəsi ilə sübuta yetirilir. Şəxs heç bir əsas olmadan ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafedici ifadəsi ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətanın sərxoş halda törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 24 iyul 2021-ci il saat 20:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar