Məhkəmə qərarları › İş №3(043)-503/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-503/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-503/2021 27.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, X1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində 27.07.2021-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs barəsində olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(044)-1845/2018 nömrəli icra vərəqəsinə əsasən aliment borcunu ödəməyərək icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş 1950 manat məbləğində aliment borcu yaranmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1845/18 saylı, 17.04.2018-ci il tarixli icra sənədinə əsasən 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs aliment borcu 1950 manat təşkil edir, hal-hazırda isə yalnız 450 (dörd yüz əlli) manat məbləğində pul ödəyə biləcəyini bildirmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, alimenti hər ay vaxtı-vaxtında ödəmiş, maddi imkanı olmadığı üçün sadəcə olaraq icra sənədi üzrə 140 manat ödəməyə imkanı çatmamışdır. Aliment borcunun yaranmasına səbəb pandemiya ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olmuşdur. 2021-ci ilin iyun ayında 200 manat, iyul ayında isə 600 manat ödəniş etmişdir. Hal-hazırda isə 500 manat ödəməyə hazırdır ancaq tələbkar bunu qbul etmir. Alimenti ödəməkdən heç vaxt yayınmamışdır. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1845/18 saylı, 17.04.2018-ci il tarixli icra sənədinə əsasən borcludan hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Borclu alimenti vaxtı vaxtında və tam şəkildə ödəməmişdir. Belə ki 2020-ci ildə 2-3 dəfə ödəniş etmişdir. 2021-ci ilin iyun ayında 200 manat, iyul ayında isə 600 manat ödəniş etmişdir. Belə ki, borclu 500 manat ödəniş etmək istəyir ancaq razı deyildir. Borcun tam şəkildə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsə ciddi tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından, təqdim olunmuş inzibati materialdan məlum oldu ki, borclu tərəfindən icra sənədinin icra olunmaması onun qərəzli hərəkətləri nəticəsində olmamışdır. Belə ki, İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi borclu icra sənədini icra etməkdən qərəzli olaraq yayınmamış və maddi imkanı yol verdiyi həddə ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 30-34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar