Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-51/2022 18.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsinin YNH inspektoru, polis baş leytenantı X5, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X2 və müdafiəçisi X3 iştirakı ilə, xx.xx.2004-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Göygöl rayonu, Qızılca ərazi dairəsi, Qızılca kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsindən Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 327.2, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o,13 yanvar 2022-ci il tarixdə saat 23:10 radələrində idarə etdiyi “VAZ 21074” markalı, 90 KX- 867 dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə istiqamətdə olan zaman “yol ver” nişanının tələbini pozaraq R.Qasımov küçəsindəki kəsişməyə daxil olmuş, bu zaman R.Qasımov küçəsi ilə hərəkətdə olan və hərəkət üstünlüyünə malik olan “Kia Optima” markalı, 20 EJ-640 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə yol vermədiyindən toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş X9 bildirdi ki, Şəxs 13 yanvar 2022-ci il tarixdə saat 23:10 radələrində idarə etdiyi “VAZ 21074” markalı, 90 KX-867 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə istiqamətdə olan zaman “yol ver” nişanının tələbini pozaraq R.Qasımov küçəsindəki kəsişməyə daxil olmuş, bu zaman R.Qasımov küçəsi ilə hərəkətdə olan və hərəkət üstünlüyünə malik olan “Kia Optima” markalı, 20 EJ-640 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə yol vermədiyindən toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Ona görə də Şəxs oğlu barəsində İXM-in 332.4-cü maddələri ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sürücülük hüququ olmadan avtomobili idarə etdiyini və yol hərəkəti qaydalarına riayət etmədiyindən nəqliyyat hadisəsi törətdiyini etiraf etdi. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasinda iştirak edən zərərçəkmiş şəxs X10 bildirdi ki, qəza nəticəsində zərər dəymiş “Kia Optima” markalı, 20 EJ-640 dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir.13 yanvar 2022-ci il tarixdə “VAZ 21074” markalı, 90 KX- 867 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəza törədərkən “KİA Optima” markalı, 20 EJ-640 dövlət qeydiyyat nömrə avtomobili onun dostu idarə etmiş, o da avtomobildə olmuşdur. Qəza nəticəsində avtomaşının qabaq hissəsi tamamilə yararsız hala düşmüş və nəticədə 8500 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş AZ-T seriyalı, 128997 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Valideynləri-atası X7, anası X1r. ƏN-Vİİİ seriyalı, 188322 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi barədə etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X11 “Kia Optima” markalı, 20 EJ-640 dövlət qeydiyyat nişanlı avtomobili 01 il müddətinə X8 etibar etmişdir. Etibarnamə 10.01.2023-cü ilədək qüvvədədir. “Avtoservis və ticarət” İstehsalat Birliyinin 15 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, “Kia Optima” markalı, 20 EJ-640 dövlət qeydiyyat nişanlı avtomobilə avtomobilə qəza nəticəsində dəymiş zərərin miqdarı 8672 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs oğlunun ““VAZ 21074” markalı, 90 KX-867 dövlət qeydiyyat nişanlı avtomobili ilə “Kia Optima” markalı, 20 EJ-640 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə yol vermədiyindən toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilin sahibinə maddi zərər yetirildiyi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə protokolda qeyd edilmiş inzibati xətalardan İXM-in 327.2, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş xətalar vahid bir inzibati xətanın tərkibini əmələ gətirir. Belə ki, İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta tərkibinin müstəqil olaraq yaranması mümkün deyildir. Bu xətanın tərkibinin yaranması üçün ilk növbədə sürücü nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmadan nəqliyyat vasitəsini idarə etməli (bu zaman İXM-in 332.2-ci maddəsinin tərkibi yaranır), həmin zaman başqa şəxsin əmlakına maddi zərər vurmalı və ya sağlamlığına yüngül zərər vurmalıdır. Maddi və ya fiziki zərərin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi üçün isə hər hansı başqa qayda pozuntusunun baş verməsi zəruridir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir, inzibati xətanın yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Protokolda göstərilmiş digər inzibati xəta, yəni İXM-in 332.1-ci (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddəsi ilə nəzərdə tutulmuş xəta hazırkı inzibati xəta hadisəsindən müstəqil olaraq məsuliyyətə səbəb olduğundan və həmin xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından həmin hissədə məsuliyyət məsələsinin həlli üçün qərarın surəti Gəncə şəhər BPİ-nin X16 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 332.1-ci maddələri ilə inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-51/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-51/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver