Məhkəmə qərarları › İş №3(043)-510/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-510/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-510/2022 09.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Kəlbəcər şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Kəlbəcər Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(040)-162/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs hər ay iki uşağın saxlanması üçün 280 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək alimenti ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında göstərdi ki, Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-162/21 saylı, 19.03.2021-ci il tarixli icra sənədinə əsasən hər ay iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən ) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq göndərilmişdir. Bundan əlavə borclu ilə bir neçə dəfə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədini icra etmədiyi üçün hal-hazırda ödənilməmiş 3390 ( üç min üç yüz doxsan) manat aliment borcu yaranmışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmada təqsirlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığından icra sənədi üzrə borcu ödəyə bilməmişdir alimenti az-az ödəyəcəkdir. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-162/21 saylı, 19.03.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən ) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir 03.06.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs oğlu icra sənədini icra etməkdən boyun qaçırdığı üçün 3390 manat aliment borcu yaranmışdır. 06.05.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(040)-162/21 saylı icra vərəqəsi icraata götürülmüşdür. 06.05.2021-ci il tarixli bildirişin surətindən görünür ki, borclu borcu ödəməsi barədə icra idarəsinə dəvət edilmişdir. Xəbərdarlıqların surətindən görünür ki, borclu Şəxs oğluna icra sənədini icra etməsi barədə xəbərdarlıq edilmişdir. Əks halda inzibati məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. Kəlbəcər Rayon Polis Şöbəsinin 16.03.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs barəsində 500040 saylı axtarış işi açılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətə inzibati qaydada həbs tənbehi tətbiq edilsin. Həbsin əvvəli 09.06.2022-ci il tarixdən, saat 16:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar