Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-515/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 06 iyun 2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 1632/2013 saylı, 10.09.2013-cü il tarixli icra sənədinə əsasən 16.11.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılası üçün borclu Şəxs 06 avqust 2013-cü il tarixdən hesablanmaqla hər ay 93 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Lakin borclu Şəxs bugünədək cəmi 1580 manat məbləğində alimenti ödəmiş, qalan borcu 2020-ci ilin may ayı da daxil olmaqla cəmi 8278 manat təşkil edir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə zəruri icra tədbirləri görülmüş, borclu qanunla müəyyən edilmiş müddətdə borcunu ödəməkdən yayınmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə görə Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Şəxs 2014-cü ildən 2021-ci ilədək azadlıqdan məhrumetmə cəzası çəkmiş, 2021-ci ilin yanvar ayından məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirildiyi üçün işləməyə başlamış və 10 ay ərzində ümumilikdə 950 manat aliment ödəmişdir. 2021-ci ilin dekabr ayından cəzası başa çatsa da həmin vaxtdan indiyə qədər cəmi 350 manat aliment ödəmişdir ki, bu da tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Tələbkar borcluya hər ay 200 manat ödəyərək həm aylıq aliment məbləğini, həm də borcları hissə-hissə ödəməsini təklif etsə də borclu buna da əməl etməmişdir. Buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra sənədini icra etməməsinin səbəbi maddi vəziyyətinin aşağı olmasıdır. 2010-cu ildə ikinci dəfə ailə qurub və həmin nikahdan 3 azyaşlı övladı var. O, 2014-cü ildən 2021-ci ilin əvvəlinədək cəzaçəkmə müəssisəsində olmuş və işləməmişdir. 2021-ci ilin yanvar ayından Gəncə şəhərində yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və işləməyə başlamışdır. Hazırda fəhləliklə məşğul olur. Aliment borclarını ödəmək üçün maddi imkanı yoxdur. Hər ay yalnız 100 manat ödəməyə imkanı çatır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1632/2013 saylı, 10.09.2013-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-662/2011 nömrəli, 14 aprel 2011-ci il tarixli qətnaməsi ilə 16.11.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək həy ay 93 manat sabit pul məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 12 noyabr 2013-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1632/2013 saylı, 10.09.2013-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş 05.01.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1632/2013 saylı, 10.09.2013-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1632/2013 saylı, 10.09.2013-cü il tarixli icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, qətnamənin qəbul edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Bunun da nəticəsində icra sənədi üzrə aliment borcu 8278 manata çatmışdır. Şəxs uzun müddət icra sənədini icra etməməsinə dair gətirdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, şəxsin cəzaçəkmə müəssisəsində olması aliment öhdəliyinin icrasını istisna edən hal ola bilməz. Belə ki, cəzaçəkmə müəssisəsində məhkumun islah olunma vasitələrindən biri də ictimai faydalı əmək olduğundan Şəxs işlə təmin edilməsi üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edə bilərdi. Digər tərəfdən nəzərə alınmalıdır ki, Şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində olduğu dövrdə də aliment borclarından heç bir məbləğ ödəməmiş, eləcə də cəzası başa çatdıqdan sonra nəinki aliment borclarını ödəməmiş, ümumiyyətlə aylıq aliment öhdəliyini də yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, aliment tələbi ilə bağlı icra sənədinin icra edilməsindən boyun qaçıran şəxsə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə tənbehin məqsədinə nail olmaq və onu intizamlandırmaq mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədlərinə nail olmağa imkan verir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 06 iyun 2022-ci il saat 13:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-515/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-515/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver