Məhkəmə qərarları › İş №3(043)-52/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-52/2020

09.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-52/2020 09.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Quliyev İsmayıl Rüzgar oğlunun katibliyi, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin RPİ-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 46 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngə, 2B ünvanında yerləşən “OBA” marketdən 5 ədəd saç şampun və 1 ədəd rexona spreyini gizli yolla oğurlamışdır. xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, DOS-102, bina 144 saylı binanın damında yerləşən X2 məxsus 105 manat dəyərində hidroforu gizli yolla oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin RPİ-nin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokollarda qeyd olunmuş əməllərin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokollarda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən, maddi imkansızlıq səbəbindən törədilmişdir. Törətdiyi əməllərin tarixini dəqiq xatırlamasa da, taladığı əşyaları xatırlayır. Həmin 5 ədəd şampunu, 1 ədəd rexona spreyini və 1 ədəd hidroforu tanımadığı şəxslərə satmışdır. O, əməlindən peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, “OBA” marketdən 35 manat dəyərində 5 ədəd saç şampunu və 1 ədəd rexona spreyininin oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, X2 məxsus 105 manat dəyərində su hidroforunun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(043)-736/2019 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 152 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və barəsində tərtib edilmiş protokollarla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Şəxs törətdiyi, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə, məhkəmə Şəxs eyni inzibati xətaya görə məhkəmə tərəfindən tənbeh edildikdən üç gün sonra yenidən eyni inzibati xətanı törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən və onun inzibati xəta törətməyə meylli olmasını təsdiq edən hal kimi nəzərə alır. Məhkəmə inzibati xətaların xarakterini, sayını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və ona əvvəllər tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbehin barəsində icraat aparılan şəxsin islah olunmasına kömək etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 02 (iki) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxx 2020-ci il saat 10:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar