Məhkəmə qərarları › İş №3(043)-527/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-527/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-527/2021 03.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri BPİ-nin X14 Şöbəsi polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx.xx.1973-cü ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin X14 Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli protokol üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-nin X14 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 330.0.1 və 332.4-cü maddələri ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri BPİ-nin X14 Şöbəsi polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş 17.06.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 17.06.2021-ci il tarixdə saat 14:00-da Şəxs “VAZ-21063” minik markalı, ** EP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 330.0.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-nin X14 Şöbəsi polis baş leytenantı X7 inzibati xəta haqqında protokola uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zəruri bütün hərəkətləri etmiş, zərərçəkmiş şəxsə ilkin yardım göstərmiş və onunlar arasında barışıq əldə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, sürücülük vəsiqəsinin müddətinin keçməsini bilməmiş, hüququ olmadan avtomobili idarə etmişdir. “VAZ-2106” minik markalı, **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus deyil. Sürücülük vəsiqəsinin və etibarnamənin müddəti hadisədən 6 gün əvvəl bitmişdir. 17.06.2021-ci il tarixdə, saat 14 radələrində o, yoldaşı ilə birlikdə "Bolmart" adlanan mağazadan ərzaq malları aldıqdan sonra həmin mağazanın qarşısında saxladığı avtomobilə doğru hərəkət etmiş, avtomobilə əyləşdikdən sonra o, yan aynalardan arxa tərəfə nəzər yetirmiş, arxada heç bir maneə olmadığını görüb avtomobili geriyə doğru hərəkət etməyə başlamışdır. Təxminən 0.5 metr hərəkət etmişdir ki, kənardakı insanlar ona əllə işarə edib qışqıraraq avtomobili saxlamağı bildirmişlər. Həmin vaxt o, avtomobili dərhal saxlamış və yoldaşı ilə birlikdə avtomobildən yerə düşmüşlər, yerdə uzanan uşağı maşına qoyaraq 3 saylı xəstəxanaya aparmışlar. 3 saylı xəstəxanada rentgen cavablarını götürdükdən sonra 2 saylı uşaq xəstəxanasına qayıtmışlar, daha sonra tam dəqiq bilmək üçün "Şans tibb mərkəzi"nə gedib orada da uşağı rentgen müayinəsi etdirmişlər və həkimlər onlara bildirmişlər ki, uşağın sınıq və ya əziyi yoxdur. Bundan sonra o, hadisənin baş verdiyi "Bolmart" adlanan mağazanın qarşısına qayıtmış, hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yerini müayinə etmişlər, sonra onun idarə etdiyi avtomobili DYPŞ-nin müvəqqəti duracağına yerləşdirmişlər, o, polis əməkdaşları ilə birlikdə narkoloji dispanserə getmiş və sərxoşluq müayinəsindən keçdikdən sonra sərxoş olmadığı müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb həmin piyadanın qəflətən onun idarə etdiyi avtomobilin arxa hissəsinə çıxması olmuşdur. O, idarə etdiyi avtomobili təxminən 1-2 km/saat sürətlə idarə etmiş, həmin vaxt avtomobildə onun həyat yoldaşı olmuşdur. Hadisə baş verərkən həmin yerdə tanıdığı şəxslərdən heç kim hadisəni görməmişdir. O, piyadanı görməmiş, onun arxasında ani olaraq görünmüş, həmin vaxt ətrafdakı insanların təkidi ilə o, əyləci sıxmış və maşını saxlamışdır. Törətdiyi xətadan səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə ilkin yardım göstərməsini və onlar arasında barışıq əldə olunmasını bildirərək, inzibati xəta haqqında qərar çıxarılan zaman nəzərə alınmasını, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş X5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əlavə olunmuş 07.07.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs "X9" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 canlı şəxsin ekspertizasının 18.01.2021-ci il tarixli, 52 nömrəli rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarətlər - sağ baldır nahiyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, sıyrığı - bərk küt əşyanın (əşyaların) təsııı nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 17.06.2021-ci ıl tarixdə əmələ gələ bilərlər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərərvurmaya aid edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, 17.07.2021-ci il tarixdə saat 14:00-da Şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” ərzaq mağazasının qarşısında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-21063” minik markalı, ** EP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili geriyə doğru hərəkət edərkən ehtiyyatsızlıqdan həmin vaxt nizamlanmayan piyada keçidinə daxil olmuş avtomobilin arxasından keçib gedən xx.xx.2015-ci il təvəllüdlü azyaşlı X6 vuraraq sonuncuya sağ baldır nahiyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində, sonuncu X5 ziyan vurduğundan Azərbaycan Respublikası İXM-in 330.0.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 330.0.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 330.0.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 330.0.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını və zərərin ödənilməsi barədə zərərçəkmiş şəxslə razılığa gəlməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar