Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-530/2022 24.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Gəncə şəhəri 2-ci polis şöbəsinin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Goranboy rayonu, Qazançı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Gəncə şəhəri 17 saylı orta məktəbdə müəllimə işləyən, Gəncə şəhəri, DOS 102, ev 57-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri 2-ci polis şöbəsində daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Gəncə şəhəri 2-ci polis şöbəsinin sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 24 mart 2022-ci il tarixdə Gəncə şəhəri DOS-102, ev 54-də yaşayan X4 yaşadığı evinin həyətində 2x3 metr ölçüdə toyuq damını, 8 ədəd toyuğu və yığılmış odunları qəsdən yandırmış və nəticədə zərərçəkmiş şəxsə 1120 manat maddi ziyan dəymişdir. Gəncə şəhəri 2-ci polis şöbəsinin sahə rəisi X6 xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək iş üzrə qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini qəbul etməyərək izahatında göstərdi ki, X1 müəllimə yoldaşı və yan qonşusu kimi tanıyır. Aralarında əvvəllər heç bir söz-söhbət, narazılıq olmamışdır. 23 mart 2022-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı evdə olan zaman 5 yaşlı nəvəsi Murad yanına gələrək ona “nənə Elimira xalanın toyuq damı yanır”-demiş, bundan sonra o, dərhal evdən həyətə çıxmış, Elmiranın taxta materialdan olan toyuq damının yandığını görmüşdür. Dərhal əlinə su qabı alaraq yanğına su tökmüş və yanğının söndürülməsinə köməklik etməyə başlamışdır. Elmira su tökən zaman onu nalayiq ifadələr ilə təhqir edərək ona “nəvən deyir ki, toyuq damını nənəm yandırıb”-demiş, o isə “mən dəliyəm sənin toyuq damını yandıram”-demişdir. Elmira onu təhqir etməkdə davam etdiyi üçün o yaşadığı evə getmiş, sonra Elmira onun evinin həyətinə gələrək onu çağırmış, o həyətə çıxan zaman Elmira “niyə köməyə gəlmirsən”demişdir. O, Elmiraya “sənin təhqirlərindən sonra necə gəlim”-deyən zaman Elmira gülün üzərinə qoyduğu balaca bankanı ona tərəf atmış, lakin o, evə girdiyi üçün banka ona dəyməmişdir. Bir qədər sonra yenidən evdən çıxaraq su borusunu çəkərək Elmiranın yanğını söndürməsinə kömək etmiş, yanğın tam söndükdən sonra isə evə qayıtmış və bacısı xəstə olduğundan onlara getmişdir. Həmin gün saat təxminən 21 radələrində əri Kamal ona zəng edərək “Elmira anası ilə birgə həyəti dağıdır”-demiş, o, bacısı evindən çıxaraq öz evinə gəlmiş, həyətə daxil olan zaman Elmiranın həyətdə olmadığını, lakin həyətdə qoyduqları divan, kreslonu dağıtdığını görmüş, Kamal isə Elmira toyuqlarını axtardığını, ona görə də divan, kreslonu yerindən tərpətdiyini demişdir. 24 mart 2022-ci il tarixdə saat təxminən 09 radələrində Elmira mobil nömrəsinə zəng edərək “toyuq damımı tikdirin, toyuğumu alın, əks halda sizdən polisə şikayət edəcəyəm”-demiş, o isə “nə bilirsən onu da elə”-demiş, üzərindən bir qədər keçdikdən sonra polis əməkdaşlarının gəldiyini görmüşdür. O, evinin həyətində yarpaq yandırmamış, toyuq damının yarpaqdan yanıb-yanmadığını bilmir. Toyuq damını o, yandırmamış və yanğının kim tərəfində edilməsindən də xəbəri yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, evinin arxa hissəsində qonşusu Şəxs yaşayır, aralarında düşmənçilik və ədavət yoxdur. Fərqanə ilə aralarında çəpər var, çəpərə bitişik ona məxsus 2 metr enində, 3 metr uzunluğunda və 2 metr hündürlüyündə taxta materialdan hazırlanmış toyuq hini, yanında oduncaqlar var idi. 24 mart 2022-ci il tarixdə saat təxminən 17 radələrində həyətdə olan itin səsinə oyanmış və toyuq hininin yandığını görmüşdür. Həmin vaxt həyəcandan telefonunun harada olmasını bilməmiş, bu səbəblə 103 xidmətinə məlumat verə bilməmişdir. O, təkbaşına yanğını su ilə söndürmüş, lakin toyuq hini içərisində olan 8 ədəd toyuq və odunları tamamilə yanmışdır. Fərqanənin həyətinə baxan zaman aralarında olan çəpərin küncündə yarpaq yandırıldığını, hininin oradan yandığını başa düşmüş, o Fərqanəni çağırsa da Fərqanə evdən çıxmamış, həyətdə olan azyaşlı nəvəsi 5 yaşlı Murad həmin yarpağı nənəsi Fərqanənin yandırdığını demişdir. O da bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Fərqanənin hinini qəsdən yandırıbyandırmadığını bilmir. Toyuq hininin və odunlarının yanması nəticəsində ona ümumilikdə 1120 manat dəyərində maddi ziyan dəymişdir. Odur ki, iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. İşdə olan 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, X5 məxsus toyuq hinin yanması faktı üzrə toplanmış materialda cinayət işinin başlanması rədd edilmişdir. X5 1120 manat dəyərində maddi ziyan vuraraq ictimai qaydanı pozmuş naməlum şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəpəz Rayon Polis İdarəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halında qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması öz təsdiqini tapmadığı üçün həmin maddə üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qeyd olunan normanın tələbinə görə yalnız beş min manatdan yuxarı olmayan məbləğdə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə təqsiri sübut olunan şəxs inzibati qaydada məsuliyyətə cəlb edilə bilər. Məhkəmə iclasında isə Şəxs X3 məxsus əmlakı qəsdən məhv etməsi və ya qəsdən zədələməsi mötəbər sübutlarla təsdiq olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-in 105.1-ci bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddsəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarlır. Belə olan halda məhkəmə iclasında müəyyən edilənlərə və qanunvericiliyin normalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, həmin maddə ilə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, həmin maddə ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-530/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-530/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver