Məhkəmə qərarları › İş №3(043)-533/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-533/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-533/2022 14.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X2 və X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 14 iyun 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Şəxs 13.06.2022-ci il tarixdə idarə etdiyi “VAZ 2107” markalı, dövlət qeydiyyat nişanlarını çıxardığı üçün ona polis əməkdaşları tərəfindən saxla əmri verilmişdir, lakin o, əmrə tabe olmamış, sağ-sol manevrlər edərək, dəfələrlə yol hərəkətini pozub işıqforun qırmızı işığında hərəkət edərək, avtoxuliqanlıq əməli törətmişdir. Saxlanıldıqdan sonra isə səs-küy salaraq, ucadan nalayiq ifadələr işlətmişdir. Şəxs əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 510, 511.1.3 və 535.1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs 13.06.2022-ci il tarixdə onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, ucadan nalayiq ifadələrlə işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, inzibati xəta haqqında protokollarda qeyd edilən əməlləri törətmişdir. O. 13.06.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi VAZ 2107 markalı avtomobilin dövlət qeydiyyat nişanlarını çıxararaq hərəkət edən zaman polis əməkdaşları saxla əmri vermişlər. O həmin vaxt əsəbi olduğundan polisin saxla işarəsinə tabe olmamış və həm əsas prospektdə həm də ara küçələrdə təkərlərin izləri yerdə qalaca şəkildə sağ-sol manevr hərəkətləri edərək polisdən yayınmağa çalışmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra avtomobildə yanında xanım əyləşdiyinə görə polislərin onu saxlamasına daha da əsəbləşmiş və avtomobildən düşərək polis əməkdaşlarına uca səslə öz iradını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Vətən müharibəsi iştirakçısı olmasını və İİİ qrup əlil olmasını nəzərə alaraq, onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX inspektoru X5 izahatında bildirdi ki, 13.06.2022-ci il tarixdə günorta saatlarında VAZ 2107 markalı avtomobilin dövlət qeydiyyat nişanlarını çıxamasını görüb ona saxla əmri vermişlər, lakin avtomobili idarə edən şəxs onların əmrə tabe olmamışdır. Bundan sonra sürücü Şəxs hərəkətinə daha sürətlə davam etmiş, sağ-sol manevrləri hərəkətləri etmiş, bir neçə yerdə işıqforun qadağan edici işığında dayanmamış, dəfələrlə yol hərəkəti qaydalarını pozmuşdur. Saxlanıldıqdan sonra isə sürücü Şəxs uca səslə polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. Onu həmin vaxt nizam intizama dəvət etsələr də, sürücü onların tələblərinə məhəl qoymamış, polislərin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Onun bu hərəkətləri ətrafdakı insanların da diqqətini çəkmiş və ətrafa çoxlu sayda adamalar yığışmışdır. Sonra onu polis avtomobilinə əyləşdirərək 2-ci Polis Şöbəsinə gətirib təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında digər şahid X5 ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan videoçəkilişlərdən (TŞ) görünür ki, sürücü Şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı görünməyən ağ rəngli VAZ 2107 markalı avtomobil onu təqib edən yol patrul xidməti avtomobilinin inspektoru tərəfindən verilmiş saxla işarəsinə məhəl qoymadan dəfələrlə yol hərəkət qaydalarını pozmaqla, sağ-sol manevr hərəkətləri etməklə hərəkətini davam etdirmişdir. “İnzibati qaydada tutma haqqında” 13.06.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 14:00-da tutulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs istifadəsində olan Vaz 2107 markalı avtomobili dövlət qeydiyyat nişanlı olmadan idarə etdiyinə görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, buna baxmayaraq, Şəxs polisin saxla işarəsinə məhəl qoymayaraq sağ-sol hərəkətləri etməklə manevr qaydalarını dəfələrlə kobud şəkildə pozmuş, avtomobili qəflətən sürətləndirməklə təkərlərin yolun səthi üzərində izlərin buraxılması və səslərin çıxarılması ilə müşayiət olunan hərəkətlər etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra isə ətrafdakı insanların diqqətini çəkəcək şəkildə ictimai yerdə polisin ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsində qeyd edilir ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə qeyd edir ki, Şəxs isnad edilən inzibati xətaların içərisində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan xəta daha ciddi xəta olduğundan, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə inzibati tənbeh ilə yanaşı, inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 13 iyun 2022-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar