Məhkəmə qərarları › İş №3(043)-549/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-549/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-549/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, X2 Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən 06.08.2021-ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis mayoru X8 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 06.08.2021-ci il tarixli, TP ******* nömrəli qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan-sonra İXM) 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan inzibati xəta haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 gösdərdi yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol üzrə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Həmin protokolun tərtib olunmasına etiraz etsə də, inspektor onunla razılaşmamışdır. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə Gəncə DYPŞ-də baxılsa da, qərarın qəbul olunması əsaslandırılmamış, onun inzibati xəta törətməsinin nə ilə sübut olunduğu göstərilməmişdir. Bununla yanaşı kamera görüntüsünün olduğu təqdirdə həmin görüntü ona təqdim edilməmişdir. Belə ki, işıqfordan keçən zaman yaşıl işıqda keçmişdir bu zaman yolun ortasında işıqorun sarı işığı yandığı üçün məcbur olub yolu boşaltmışdır. Barəsində qəbul olunmuş qərarın əsassız olduğunu göstərərək qərarın ləğv olunmasını və iş üzrə inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. 30.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru X6 göstərmişdir ki, X4 işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyi üçün İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta törətmiş və buna görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və onun əsasında 06.08.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 60 manat cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx protokolla razı olmasa da rəhbərlik tərəfindən araşdırma aparılmış X4 tərəfindən inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Qeyd olunan tarixdə yəni 30 avqust 2021-ci il tarixdə məhkəmə iclas zalında tərəflərin iştirakı ilə mübahisələndirilən ərazinin görüntüsünü özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 idarə etdiyi «Hyundaı Avente» minik markalı 20DT023 qeydiyyat nömrə nişanlı atomobillə Gəncə 3 nömrəli xəstəxana istiqamətindən İsmət Qayıbov küçəsi istiqamətinə doğru hərəkətdə olarkən həmin küçələrin kəsişməsində yerləşən işıqforun yaşıl işığında hərəkət edərək sol istiqamətə manevr edib dönərkən işıqforun sarı işığı yanmışdır. Şikayət vermiş şəxsin vəsatəti əsasında həmin ərazinin kamera görüntüsünün məhkəməyə təqdim olunması üçün işin baxılması 31 avqust 2021-ci il tarixə saat 16:00-a təyin olunmuşdur. Göstərilən tarixdə və vaxtda DYPŞ-in əməkdaşı məhkəmə islasına gəlməmişdir və ərazinin kamera görüntüsünü məhkəməyə təqdim etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və protokol tərtib etmiş yol patrul xidməti inspektoru X3 izahatını, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, X2 barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 06.08.2021-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan:- 20.07.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, X4 20.07.2021-ci il tarixdə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 06.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,X1 qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyi üçün Gəncə şəhər Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən barəsində İXM-in 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İXM-in 327.2-ci maddəsində qeyd olunur ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Qanunun 60-cı maddəsinin İİ bəndində göstərilir ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: Həmin Qanunun İV-cü bəndində göstərilir ki, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 idarə etdiyi «Hyundaı Avente» minik markalı 20DT023 qeydiyyat nömrə nişanlı atomobillə Gəncə 3 nömrəli xəstəxana istiqamətindən İsmət Qayıbov küçəsi istiqamətinə doğru hərəkətdə olarkən həmin küçələrin kəsişməsində yerləşən işıqforun yaşıl işığında hərəkət edərək sol istiqamətə manevr edib dönərkən işıqforun sarı işığı yanmış və o, hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə maneə yaratmamaq məqsədi ilə hərəkətini davam etdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən 06 avqust 2021-ci il taririxdə qəbul olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 barəsində Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən 06 avqust 2021-ci il taririxdə qəbul olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar