Məhkəmə qərarları › İş №3(043)-555/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-555/2020

11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-555/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 22-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri BPİ-nin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis idarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 3(043)-555/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən (hakim C.Tağıyev) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Qərardan narazı qalan Şəxs şikayət vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 3(104)-297/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən (hakim E.Xasməmmədov) şikayət təmin edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 3(043)-555/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, özünü təqsirli saymır. Belə ki, zərərçəkmiş şəxs Aytac İsmayılova ona şər atmışdır. O, zərərçəkmiş şəxslə mübahisə etsə də ona heç bir xəsarət yetirməmişdir. İş materiallarında olan ekspertiza rəyində göstərilmiş xəsarətləri zərərçəkmiş şəxsə hansı formada vurulmasından heç bir məlumatı yoxdur. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli orqan nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə aralarında baş vermiş münaqişə zamanı X2 vuraraq ona fiziki ağrı yetirmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qəraradan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarət – hər iki bazu nahiyələrinin qançırları, boyun və hər iki diz oynağı nahiyələrinin sıyrıqları kimi bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş dərəcəsi təyin edilməyən bədən xəsarətləri aşkar edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, Aytaç İsmayılovanın şikayət ərizəsi üzrə aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibinin olmaması və buna görə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir və həmin qərarın qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar