Məhkəmə qərarları › İş №3(043)-557/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-557/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-557/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Kəpəz Rayon Polis İdarəsindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda Şəxs xx xxxx 2020-ci il tarixdə ünvan 1 mənzil 22 ünvanda X3 qəsdən döyərək dərəcəsi müəyyən olunmayan xəsarət yetirdiyi qeyd olunmuşdur. Məhkəmə iclasında Şəxs bildirdi ki, X4 xx.xx.2020-ci il tarixdə onun yaşadığı ünvana gələrək səs-küy salmış, oğlunun Tural Turabovun onun uşağının atası olduğunu bildirmiş və uşağa sahib çıxmalarını tələb etmişdir. Bu zaman A.İsmayılova onları narahat etdiyi üçün 102 xidmətinə zəng edərək polis çağırmış və bundan sonra A.İsmayılova çıxıb getmişdir. Həmin vaxt A.İsmayılovaya heç bir xəsarət yetirməmişdir. Aralarında yalnız sözlə mübahisə olmuşdur. Buna qonşuları da şahid olmuş, hətta qonşulardan biri münaqişəni telefon vasitəsilə çəkmişdir. Həmin görüntüləri polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında X4 bildirdi ki, Şəxs oğlu Turabov Turalla rəsmi nikaha daxil olmadan ailə qurmuşdur. Hazırda hamilədir. Turabov Tural onun hamilə olduğunu bildiyi halda onu tərk edib getmişdir və harada olması barədə məlumatı yoxdur. xx.xx.2020-ci il tarixdə Turalın valideynlərinin yaşadığı ünvana gedərək Turabov Turalın harada olduğunu soruşmuşdur. Bu zaman Turalın valideynləri onu təhqir edərək döymüş, Şəxs onu yerə yıxaraq sürümüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında materiallar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcudluğunu, inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, işin icraatını rədd edən halların mövcud olub-olmaması və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması s. məsələləri həll etməlidir. Məhkəməyə təqdim edilən materiallardan X2 xx.xx.2020-ci il tarixdə bədən xəsarətləri almasını müəyyən etmək mümkün deyildir. Belə ki, protokolda Şəxs A.İsmayılovaya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyi qeyd olunsa da protokola A.İsmayılovanın müayinə edilməsi, o cümlədən məhkəmə-tibbi ekspertizadan keçirilməsi barədə heç bir sənəd əlavə olunmamışdır. Belə olan halda A.İsmayılovanın həqiqətən də döyülüb-döyülmədiyini, o cümlədən aldığı xəsarətin dərəcəsini müəyyən etmək mümkün deyildir. A.İsmayılovanın Şəxs tərəfindən döyülməsi yalnız zərərçəkmiş şəxsin izahatı əsasında müəyyən edilə bilməz. Hadisənin yaşayış binasının həyətində baş verməsi nəzərə alındıqda hadisənin şahidlərinin müəyyən edilməsi və izahatlarının alınması üçün heç bir tədbirin görülməməsi məhkəmənin qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində hazırkı işə baxmasını qeyri-mümkün edir. İnzibati xəta haqqında iş üzrə sübutların toplanması və şəxsin təqsirliliyinin sübuta yetirilməsi məhkəmənin yox, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşdüyündən, göstərilən materiallar isə məhkəməyə təqdim edilmədiyindən hazırkı işə baxılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol Kəpəz Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar