Məhkəmə qərarları › İş №3(043)-557/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-557/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-557/2021 24.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 18.08.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X1 verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 18.08.2021-ci il tarixli EQ ******* saylı qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o 18.08.2021-ci il tarixdə həmin küçədən keçməmiş, heç bir inzibati xəta hadisəsi törtməmişdir. Barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Bundan başqa inzibati xəta hadisəsi müşahidə kameraları vasitəsilə aşkar oluna bilməz. Bunun üçün yaradılmış xüsusi quraşdırılmış kameralar vasitəsilə həyata keçirilməlidir. Ona görə də əldə edilməsi qanunvericiliyə uyğun olmayan sübutlarla qəbul edilmiş qərarın ləğv olmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 18.08.2021-ci il tarixli EQ ******* saylı qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Şikayətə əlavə edilmiş 18.08.2021-ci il tarixli EQ ******* saylı qərarın surətindən məlum olur ki, həmin qərar elektron qaydada qəbul edilmiş, qərara əsasən Gəncə şəhəri V.Xuluflu küçəsi kəsişməsi saat 12:29:59, 18.08.2021ci il tarixində, saat 10:07:58-də “Mersedes Benz180” minik markalı 10UJ848 dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın (svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir) törədilməsinə görə 60 manat inzibati cərimə edilmişdir. Qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasayev tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən məhkəməyə təqdim etdiyi SD diskdə olan video görüntüyə baxış keçirilərkən məlum olur ki, görüntü 17.08.2021-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Məhkəmə qeyd edir ki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş ölçü cihazları xüsusi texniki vasitələr hesab edilir. Belə xüsusi texniki vasitələrlə inzibati xətanın aşkar edilməsi iş üzrə icraata başlamağa səbəbdir. Lakin iş materiallarına əlavə edilmiş 18.08.2021-ci il tarixli EQ ******* saylı qərarda inzibati xətanı bilavasitə aşkar edən xüsusi texniki vasitə haqqında hər hansı məlumat göstərilməmiş, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında qərarda qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş video görüntünün qeydə alınmış diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, həmin video görüntü 17.08.2021-ci il tarixdə qeydə alınmışdır. Lakin EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın 18.08.2021-ci il tarixdə saat 10:07:58-də törədilməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 18.08.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar