Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-558/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin polis mayoru X3 xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 onun barəsində Azərbaycan Respublikası Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 bildirdi ki, Gəncə şəhər DYPŞ-nin TP ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat cərimə edilmişdir. Həmin qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, onun Göygöl rayonu Hacıkənd qəsəbəsində evi var və bütün yay aylarında həmin kənddə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə nəvələri ona bildirmişdilər ki, Daşkəsən rayonu Xoşbulaq kəndinə onları aparsın. O da nəvələrini avtomaşınla əyləşdirərək hərəkətə başlamışdılar. Onlar iki post keçmişdilər və onların sənədlərini yoxlamışdılar və rahatlıqla keçmişdilər. Göygöl rayonu Qızılca kəndi ərazisində, Gəncə Daşkəsən yolunda postda onları saxlamışdılar. O polis əməkdaşlarına Göygöl rayonunda evinin olduğunu və orada yaşadığını bildirmişdir. Daşkəsən rayonu qadağa olunmamış ərazi olduğundan oraya keçə bilər. Lakin polis onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qanunsuz olaraq cərimələmişdir. Hesab edir ki, onun əməlində heç bir hüquqazidd hərəkət və ya hərəkətsizlik olmadığından o inzibati məsuliyyətə cəlb edilməməlidir. Qeyd edilənlərə əsasən həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Şikayətə əlavə edilmiş Gəncə şəhər DYPŞ-nin polis mayoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında iş üzrə qərarda konkret olaraq X4 tərəfindən karantin rejiminin hansı qaydalarının pozulması göstərilməmişdir. Ə.Orucovun izahatından belə məlum olur ki, o, xüsusi karantin rejimində Göygöl rayonunun ərazi hüdudlarını tərk etdiyinə görə inzibati qaydada tənbeh edilmişdir. Lakin, qərarda inzibati xətanın törədilməsi yeri kimi Göygöl rayonu, Qızılca kəndi göstərilmişdir. Beləliklə, Ə.Orucovun Göygöl rayonunun inzibati ərazi hüdudları daxilində olduğu halda xüsusi karantin rejiminin həmin qaydasını pozması mümkün deyildir. Buna baxmayaraq qərardan məhz karantin rejiminin hansı qaydasının pozulması müəyyən edilmədiyindən və araşdırmanın aparılması üçün inzibati xəta materialları tələb edilməsinə baxmayaraq səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə belə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta ilə bağlı lazımi araşdırma aparılmamışdır. İnzibati xəta materiallarının məhkəməyə təqdim edilməməsi belə materialların olmamasına bərabər tutulmalıdır və inzibati xəta haqqında materiallar olmadığı halda inzibati xəta haqqında yekun qərar qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü və 115.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis mayoru X1 tərəfindən qəbul edilmiş, X3 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-558/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-558/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver