Məhkəmə qərarları › İş №3(043)-564/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-564/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-564/2022 20.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X4, zərər çəkmiş şəxs X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Lermantov küçəsi ev 12-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 20 iyun 2022ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 20 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 2022-ci ilin yanvar ayının əvvələrində ünvan 1 ünvanında yaşayan X6 məxsus 180 manat dəyərində noutbukunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin materiala əlavə edilmiş 20 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ünvan 2 ünvanında X2 məxsus evdən 1 ədəd 400 manat dəyəri olan Samsung markalı televizor oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X10 çıxış edərək bildirdi ki, Şəxs X6 məxsus 180 manat dəyərində olan noutbuku dələduzluq yolu ilə ələ keçirmiş və X2 məxsus 1 ədəd 400 manat dəyəri olan Samsung markalı televizoru oğurlamışdır. Onun əməllərində cinayət tərkibi olmadığından, materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsində nəzərdə tutulan xırda talama inzibati xətasının təkibi yarandığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ona isnad olunan əməllər üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməlləri törətmişdir. Əməllərinə görə peşmançılıq çəkir və bir daha belə əməllər törətməyəcəyinə söz verir. Əlavə olaraq bildirir ki, zərərçəkmiş şəxs Vahid Usubova dəymiş zərəri tam olaraq ödəmiş və onunla barışmışdır. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X11 izahatında bildirdi ki, o, ona məxsus 180 manat dəyərində “Dell” markalı noutbuku satması üçün qardaşı oğlu Elcana vermiş, Elcanda internet saytında notbuku satışa qoymuşdur. Şəxs Elcanı aldadaraq notbuku ələ keçirmişdir. Lakin, sonradan Şəxs ona dəymiş zərəri ödədiyinə görə onunla barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş zərər çəkmiş şəxs X3 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, “Dell” markalı noutbukun dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı X7 müraciəti əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs X11 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs ona dəymiş zərəri tam şəkildə ödəmişdir, onun həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, Raya İmamverdiyevanın şikayət ərizəsi üzrə aparılmış araşdırma nəticəsində xırda talama əməlini törətmiş Şəxs əməlində cinayət tərkibinin olmaması və buna görə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir və hazırda həmin qərarın qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi, yalnız inzibati xətanı törətmiş şəxsin qaçıb gizlənməsi inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının dayandırılmasına səbəb ola bilər. Lakin, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qaçıb gizləndiyinə görə inzibati icraat xx.xx.2022-ci il tarixdə, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra dayandırılmış və xx.xx.2022-ci il tarixdə isə icraat təzələnmişdir. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MN ******* nömrəli protokolda göstərilən əməl üzrə zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək, onunla barışdığından İXM-in 39.2-ci maddəsinə əsasən, həmçinin MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, o, həmin protokollar üzrə inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli və MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar