Məhkəmə qərarları › İş №3(043)-565/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-565/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-565/2022 20.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 20 iyun 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 2-ci Polis Şöbəsinin sahə rəisi, X4 tərəfindən tərtib olunmuş 20 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə M.İ.Həmzəyev küçəsində saat 19:10-da uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Sadıllı qəsəbəsi M.İ.Həmzəyev küçəsində yerləşən “Nur” marketin yaxınlığında saat 19:10-da uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etmiş, daha sonra adını bilmədiyi kafeyə gedərək orada da içki qəbul etmişdir. Bundan sonra nə baş verdiyini xatırlamır. “Nur” market onun yaşadığı evin yaxınlığında yerləşir. Hazırda törətdiyi əməldən peşmandır və barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, o, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin PPXT-nın polis nəfəri, polis serjantıdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində 2-ci Polis Şöbəsinin ərazisində xidmət apararkən adı sonradan məlum olan Şəxs Gəncə şəhəri, Sadıllı qəsəbəsi, “Nur” marketin yaxınlığındakı ət məhsulları dükanında uca səslə nalayiq ifadələr işlədərək səs-küy saldığını, ətrafdakı vətəndaşlara və ünvansız olaraq söyüşlər söydüyünü, xeyli insanın toplaşdığını görərək ekipaj yoldaşı ilə birlikdə ona yaxınlaşmışlar. Şəxs sərxoş vəziyyətdə olduğunu müşahidə edib özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq Şəxs onların tələblərinə məhəl qoymamış, yenə də söyüşlər söyüb ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olmuşdur. Buna görə də onu patrul avtomobili ilə gətirib 2-ci polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcəli sərxoşdur. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidin izahatı ilə tam sübuta yetirilir. Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Sadıllı qəsəbəsində saat 19:10-da uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş, onun nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətanın sərxoş vəziyyətdə törədilməsi İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 19 iyun 2022-ci il saat 19:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar