Məhkəmə qərarları › İş №3(043)-566/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-566/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-566/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin sahə rəisi Hikmət Əliyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin qarşısında söyüş söymüş, ictimai qaydanı pozmuş və bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə o, Gəncə şəhər Kəpəz RPİ-nə şübhəli şəxs qismində dəvət edilmişdir. O, əsəbi olduğu üçün polis idarəsinin qarşısında nalayiq ifadələr işlədərək, ünvansız söyüşlər söymüşdür. Bu zaman ona yaxınlaşan polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, o məhəl qoymamış və söyüş söyməyə davam etmişdir. Hazırda etdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili X2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Şəxs Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasının qarşısında küçədə nalayiq söyüş söydüyünə görə, Hüseyn Abbasovla birlikdə ona yaxınlaşıb, ictimai qaydanı pozduğunu və söyüş söyməməsini bildirmişlər. Lakin, Şəxs öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Şəxs qanunsuz hərəkətlərinin qarşısının alınması üçün onu Gəncə şəhər Kəpəz RPİ-nin Növbətçi Hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili X3 şahid X1 ifadəsinə oxşar ifadə verdi. xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə ictimai qaydanı pozmuş və bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardanGəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar