Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-566/2022 21.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Xəmsə küçəsi, ev 9-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları ərazidə baş verən oğurluq hadisəsi ilə bağlı Gəncə şəhəri Fizuli küçəsində hərəkətdə olan Şəxs yaxınlaşmış və özlərini təqdim etmişlər. Lakin, o özünü qeyri-səmimi aparmış, səs-küy salmış və bu zaman nizam intizama dəvət olunmasına baxmayaraq, buna məhəl qoymamışdır. Bununla da o, İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Fizuli küçəsində hərəkətdə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, onu 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Lakin, tələbləri əsassız olduğundan, o əsəbiləşmiş və polis əməkdaşları ilə aqressiv şəkildə danışmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 21 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Fizuli küçəsində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Fizuli küçəsində hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişlər, bu zaman o, əsəbiləşərək polis şöbəsinə getməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, polis əməkdaşlarının heç bir səbəb olmadan, cinayət törətməyə dair əsaslı şübhə olmadan Şəxs polis şöbəsinə dəvət etmələri qanuni tələb olmamışdır. Belə ki, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi polis əməkdaşlarının Şəxs polis şöbəsinə dəvət etmələri barədə tələbin qanuni olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin “qanuni tələbi”nə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, 21 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-566/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-566/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver