Məhkəmə qərarları › İş №3(043)-569/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-569/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-569/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində doğulmuş, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, X4 Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4875/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs Nəsirov Rövşən Muxtar oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 03.01.219-cu il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs hazırda icra sənədi üzrə 970 manat aliment borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun aliment borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. O əvvəllər xarici ölkədə neft şirkətində işləsə də, sonradan dünyada, həmçinin ölkədə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində karantin rejiminin tətbiq edilməsi ilə bağlı olaraq işi dayandırılmışdır. Buna baxmayaraq indiyə kimi ödənişlər etmişdir. Son olaraq bir neçə gün əvvəl 370 manat ödəniş etmişdir və hazırdı 600 manat aliment borcu vardır. Bundan sonra da, həm aylıq alimenti, həm də əvvəldən qalan borcu hissə-hissə ödəyəcəkdir. Aliment öhdəliyini başa düşür və bir daha alimentin gecikdirilməsinə yol verməyəcəkdir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, borclu əvvəllər də aliment borcunu hissə-hissə ödəyəcəyinə söz versə də vədinə əməl etməmişdir. Buna görə də aliment borcunun tam şəkildə borclu tərəfindən ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş X4 Rayon Məhkəməsinin 2(043)-4875/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxx 2010-cu ildə doğulmuş Nəsirov Rövşən Muxtar oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə X4 Rayon Məhkəməsinin 2(043)- 755/2014 saylı mülki iş üzrə çıxarılmış xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 90 (doxsan) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay 130,0 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs X4 Rayon Məhkəməsinin 2-(043)-4875/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan icra məmuru tərəfindən müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs ödəniş hesabına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1900 manat məbləğində pul ödənilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərtkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs alimenti vaxtında ödəmədiyi üçün 970 manat aliment borcunun olmasına əsaslanaraq məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilmişdir. Şəxs aliment borcunun olmasına baxmayaraq onun son aylarda mütəmadi ödənişlər etməsi, eləcə də son olaraq 370 manat aliment ödənişi etməklə borcunun hazırda 600 manat olması onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində X4 Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar