Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-571/2020 14.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X3 iştirakı ilə, xx.xx.1980-ci ildə Daşkəsən şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 1076/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq Aysun və İlkin adlı uşaqların saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəflərindən borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bugünkü tarixədək yaranmış 2906 (iki min doqquz yüz altı) manat aliment borcundan heç bir ödəniş etməmişdir. Borclu sonuncu izahatında yığılmış aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə görə Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 protokolun məzmununa uyğun izahat verərək Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etmədiyini, icra məmurunun çağırışlarını almaqdan və icra idarəsinə gəlməkdən boyun qaçırdığını və hazırda da məcburi gətirilməsi nəticəsində polis əməkdaşları tərəfindən gətirildiyini bildirərək onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra məmuru tərəfindən barəsində tərtib olunmuş protokol ilə razı deyildir. Belə ki, Zərərçəkmiş şəxs ilə 6-7 ay olar ki, ayrı yaşayırlar. Aliment isə ayrıldıqları vaxtdan sonra müəyyən edilmişdir. Sonradan onlar barışaraq birlikdə yaşamışdılar. Eyni zamanda onda əsaslı şübhələr yaranır ki, uşaq onun deyil. Belə ki, onda kişi sonsuzluğunun əlamətləri mövcuddur. Həmçinin aliment ödəməməyinin səbəbi imkanının olmamadığıdır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs məhkəmə qərarının icrasından qərəzli olaraq yayınması müəyyən olunmamışdır. Belə ki, aliment borcu Şəxs pensiyasından hər ay 70 faiz tutulmaqdadır. Eyni zamanda Şəxs İİİ qrup əlil olmasını, xəstəliyi ilə bağlı əməliyyatdan yeni çıxdığını, həmçinin ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq hərəkətin məhdudlaşdırılması, əksər işlər üzrə fəaliyyətin qadağan olunmasını da nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, nikahda olan müddət ərzində və sonradan birlikdə yaşadıqları müddət ərzində də Şəxs uşağı və ailəsi ilə maraqlanmamışdır. 2013-cü ildən 2018-ci ilin oktyabr ayınadək uşağın xatirinə Afdandillə birlikdə yaşasa da onunla barışıq əldə etməmişdir və Afdandil uşağın saxlanmasında iştirak etməmişdir. 2018-ci ilin noyabr ayından Afdandil ilə birdəfəlik ayrılmışlar. Hazırda Afdandil yığılmış aliment borcundan heç bir ödəniş etmir. Yalnız onun pensiyasından hər ay 70 faiz (təxminən 79 manat) aliment tutulur. Bu isə uşağın xırda tələbatlarını belə ödəməyə kifayət etmir. Dəfələrlə ondan alimentin ödənilməsini tələb etsə də hər dəfə müxtəlif bəhanələr gətirmiş və alimenti ödəməkdən yayınmışdır. Buna görə də borclu Şəxs barəsində ən ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Şəxs 2000ci ildən 2005-ci ilədək evli olmuşdular. Onların nikahdan uşaqları doğulmamışdır. Müayinə zamanı Şəxs sonsuz olmağını həkimlərdən öyrənmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1076/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli, 2(043)- 832/2012 saylı qətnaməsi ilə xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X1 hər ay müəyyən olunmuş hər bir uşaq üçün 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat tutulan alimentin məbləği dəyişdirilərək, cavabdeh X1 hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1076/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə olunmuş Əmək və X12 Nazirliyi yanında Dövlət X14 Gəncə şəhəri Kəpəz rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs 3-cü qrup əlilliyinə görə sosial müavinət alır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 8(043)- 83/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli borclunun gətirilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra idarəsinə üzrsüz səbəbdən gəlmədiyi üçün məcburi qaydada İdarəyə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1076/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, alimentin ödənilməsi üçün heç bir addım atmamaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, aliment tələbi ilə bağlı icra sənədinin icra edilməsindən boyun qaçıran şəxsə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə tənbehin məqsədinə nail olmaq və onu intizamlandırmaq mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədlərinə nail olmağa imkan verir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2020-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-571/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-571/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver